Polad Aslanov 14 gündür aclıq aksiyasındadır – xanımı həbsxanadakı təzyiqlərdən danışır

Polad Aslanov 14 gündür aclıq aksiyasındadır – xanımı həbsxanadakı təzyiqlərdən danışır Polad Aslanovun xanımı
11 Sentyabr 2025
Mətni dəyiş

“Xebermen” saytının rəhbəri, jurnalist Polad Aslanov 14 gündür aclıq aksiyasını davam etdirir. Bu barədə onun həyat yoldaşı Gülmirə Aslanova “Abzas Media”ya məlumat verib.

Gülmirə Aslanovanın sözlərinə görə, həbsxana rəhbərliyi jurnalistin aclıq aksiyasına başlaması barədə ərizəsini qəbul etməyib, müəssisənin həkimləri isə onun səhhəti ilə maraqlanmayıb. O, əlavə edib ki, Polad Aslanov digər məhbuslarla eyni şəraitdə saxlanılır.

Jurnalistin xanımı bildirib ki, məsələ ilə bağlı Ombudsman Aparatına müraciət etsə də, hələlik həyat yoldaşının vəziyyəti ilə maraqlanan olmayıb. Onun sözlərinə görə, sentyabrın 11-də telefonla həbsxanadakı vəziyyət barədə danışan Polad Aslanovun əlaqəsi qəfil kəsilib.

“Polad deyirdi ki, müəssisədə onkoloji xəstəlikdən əziyyət çəkən məhbus müalicə olunmur, digər bir vərəm xəstəsi isə uzun müddətdir “Tubzon”a aparılmır. Həmçinin, Ədliyyə Nazirliyinin tibbi məntəqəsinə təyin edilən baş həkimin çarpayıları 200 manata satdığını ictimailəşdirdiyi üçün cəzalandırıldığını bildirirdi. Elə bunları danışarkən qəfildən əlaqə kəsildi və kiminsə “Bunun başının gülləsi çatmır” dediyini eşitdim”, – Gülmirə Aslanova söyləyib.

Onun iddiasına görə, 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsinin rəisi Ramiq Nəsibov sentyabrın 10-da Polad Aslanovu yanına çağıraraq, aclığı dayandırarsa, vəziyyətinin yaxşılaşdırılacağını deyib.

“Polad isə bildirib ki, yalnız müayinə sənədi təqdim olunarsa, ailəsi ilə görüşə və telefon zənglərinə qoyulan qadağa aradan qaldırılarsa, saxlanılma şəraiti yaxşılaşdırılarsa, normal mətbəx və soyuducu ilə təmin edilərsə, aclığı dayandıracaq”, – xanımı əlavə edib.

Gülmirə Aslanova son iki ayda görüşlərdə də süni maneələr yaradıldığını deyib:

“Hər dəfə 2 saat gözlədirlər, psixoloji təzyiq göstərirlər. Mən dəfələrlə Penitensiar Xidmətə zəng etmişəm, amma nəticə olmayıb”.

Polad Aslanov avqustun 29-dan aclıq aksiyasına başlayıb. O, buna səbəb kimi saxlandığı müəssisənin tibbi məntəqəsinin mətbəx və soyuducusundan istifadəyə qoyulan qadağanı göstərib.

“Xebermen” portalının rəhbəri Polad Aslanov 2019-cu ilin noyabrında dövlətə xəyanət ittihamı ilə 16 il müddətinə azadlıqdan məhrum edilib. O, ittihamları qəbul etmir və həbsinin jurnalist fəaliyyətinə görə olduğunu bildirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun