Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasında çıxışından sonra jurnalistlərin və deputatların suallarını cavablandırıb. O, “Zəngəzur dəhlizi” ifadəsinin heç bir rəsmi sənəddə yer almadığını bildirib.
“Azərbaycandakı həmkarlarımı hansı ərazini “Zəngəzur dəhlizi” adlandırdıqlarını xəritədə göstərməyə çağırıram. Əgər bu, Ermənistanın suveren ərazisinə aiddirsə, bu, Ermənistanın suverenliyinin pozulması deməkdir. Biz artıq ən yüksək səviyyədə bu məsələdə razılığa gəlmişik. Bu termin heç bir Vaşinqton sənədində yoxdur, olmayıb və ola da bilməz”, – Paşinyan vurğulayıb.
Baş nazir əlavə edib ki, regionda kommunikasiyaların açılması yalnız ölkələrin suverenliyi, ərazi bütövlüyü və qarşılıqlı razılaşma əsasında mümkündür. O, həmçinin Ermənistan ərazisində “Trump Route” (TRIPP) layihəsinin həyata keçiriləcəyini xatırladıb.
Paşinyan bildirib ki, yalnız Ermənistan hökuməti, parlamenti və müvafiq qurumlarının qəbul etdiyi və ya razılaşdırılmış terminlərdən istifadə oluna bilər:
“Ona görə də bu mötəbər qurumda qeyri-legitim ifadələrin işlədilməsini qətiyyətlə pisləyirəm”.
Baş nazir çıxışında həmçinin Ermənistan Konstitusiyası ilə bağlı mövqeyini açıqlayıb. Onun sözlərinə görə, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin əsas qanuna zidd olduğunu müəyyən etsə, hökumət konstitusiya dəyişiklikləri təşəbbüsü qaldıracaq.
“Əgər Konstitusiya Məhkəməsi sənədin Konstitusiyaya uyğun olduğuna qərar verərsə, parlamentdə ratifikasiya üçün heç bir maneə qalmayacaq. Ratifikasiya edilən beynəlxalq müqavilələr daxili qanunvericilikdən üstün sayılır və bu, sülh prosesinə hüquqi zəmanət yaradır”, – Paşinyan qeyd edib.
Baş nazir əlavə edib ki, hələ 2020-ci ilin fevralında Ermənistan yeni Konstitusiyaya ehtiyac olduğunu qəbul edib:
“Xalq heç vaxt hazırkı Konstitusiyaya səs verməyib. Dövlətlə cəmiyyət arasında üzvi bağ yaratmaq üçün yeganə yol yeni Konstitusiyanın qəbuludur”.
Paşinyan hesab edir ki, Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanarsa, bu, tərəflərin bir-birinə ərazi iddialarını rəsmən qadağan edəcək. O, xatırladıb ki, 2022-ci ilin oktyabrında Praqada Prezident İlham Əliyevlə birlikdə Alma-Ata Bəyannaməsi əsasında münasibətləri ərazi bütövlüyü və suverenlik prinsipləri üzərində qurmaq barədə razılıq əldə olunub.
“Sazişdə qeyd olunur ki, heç bir tərəf daxili qanunvericiliyə istinad edərək öhdəliklərdən yayınmamalıdır. Bu isə həm ərazi bütövlüyünün qarşılıqlı tanınmasını, həm də sülh prosesinin dayanıqlılığını təmin edir”, – Ermənistan baş naziri bildirib.