Həbsdə olan jurnalist və ictimai fəal Əhməd Məmmədlinin sağlamlıq vəziyyətinin kəskin pisləşdiyi bildirilir.
Bu barədə Əhməd Məmmədlinin Hüquqlarını Müdafiə Komitəsi məlumat yayıb.
Komitənin açıqlamasında bildirilir ki, Məmmədli ilə bağlı məhkəmə prosesinin təxirə salınması isə vəziyyəti daha da ağırlaşdırır.
“6 may 2025-ci ildə polis tərəfindən saxlanılan və iki gün işgəncəyə məruz qalan Əhməd Məmmədlinin tibbi təminatı ilə bağlı vəkili Elçin Sadıqov Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə müraciət edib. Nazirlikdən göndərilən cavab sənədində qeyd olunur ki, 29 mayda müəssisəyə dəvət olunan oftalmoloq tərəfindən aparılan müayinədə Məmmədliyə “OU-buynuz qişasının LAZİK əməliyyatından sonrakı vəziyyət, xorioretinal distrofiya” diaqnozu qoyularaq ambulator müalicə təyin edilib” – komitənin açıqlamasında qeyd olunub.
Komitənin məlumatına görə, Məmmədli genetik astma xəstəsidir. Polis işgəncələri zamanı əvvəllər əməliyyat olunmuş gözlərindən zərbə alıb və nəticədə bir gözündə görmə qabiliyyəti tamamilə bulanıqlaşıb.
Məlumatda o da vurğulanır ki, 2025-ci il sentyabrın 3-də Məmmədli barəsində açılmış cinayət işi üzrə məhkəmə iclası təxirə salınıb. Bu səbəbdən Məmmədlinin həbsdə qalma müddəti uzadılıb ki, bu da səhhətinə əlavə təhlükə yaradır.
Hüquqlarını Müdafiə Komitəsi həbsxana şəraitinin onun sağlamlığı üçün uyğun olmadığını bildirərək ev dustaqlığına buraxılmasını tələb edib.
Əhməd Məmmədli may ayında taksidə mübahisə etdiyi şəxsi bıçaqlamaqda ittiham olunaraq saxlanılıb. O, ittihamları rədd edir və şərləndiyini bildirir. Məmmədlini müdafiə edən yaxınları deyirlər ki, o, həbsdə olan siyasətçi Tofiq Yaqublunun məhkəməsindən çəkiliş etdikdən sonra saxlanılıb.
Yerli hüquq müdafiəçilərinin açıqlamalarına əsasən, hazırda Azərbaycanda 370-dən çox siyasi məhbus var. Rəsmi qurumlar isə bu iddiaları qəbul etmir və saxlanılanların konkret qanun pozuntularına görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.