Gürcüstan İctimai Əlaqələr İnstitutunda (GIPA) magistratura təhsili alan jurnalist Cavid Əhmədov Gürcüstana girişinə qadağa qoyulduğunu bildirib.
Əhmədov “Abzas Media”ya açıqlamasında deyib ki, sentyabrın 6-da Tbilisi Hava Limanında sərhədçilər ona Gürcüstan parlamenti qarşısında yolu bağlamaqda ittiham edərək ümumilikdə 10 min lari (təxminən 3 700 ABŞ dolları) məbləğində cərimə tətbiq olunduğunu söyləyiblər. Onun sözlərinə görə, sərhədçilər hətta bu məbləği ödəsə belə, ölkəyə buraxılmayacağını vurğulayıblar.
“İzah istəyəndə heç bir səbəb göstərmədilər, sadəcə "digər səbəblər" ifadəsini təkrar edirdilər,” – deyə jurnalist bildirib.
Əhmədov qeyd edib ki, bütün prosedur ərzində ona jurnalist fəaliyyəti ilə bağlı suallar verilib. O isə Rustaveli prospektində keçirilən etiraz aksiyalarında yalnız jurnalist qismində iştirak etdiyini bildirib. Onun sözlərinə görə, sərhədçilər pasportundakı ABŞ vizasına da xüsusi diqqət yetirib, bunu sanki “cinayət” kimi qiymətləndiriblər. Daha sonra Əhmədov Türkiyəyə geri göndərilib.
Jurnalist deyir ki, şəxsi əşyaları, o cümlədən təhsil və frilans işləri üçün istifadə etdiyi kompüteri Gürcüstanda qalıb.
Əhmədovun sözlərinə görə, bundan əvvəl - avqustun 24-də Gürcüstandan Türkiyəyə keçərkən Sarp keçid məntəqəsində də sərhədçilər ona 5 min lari (təxminən 1 850 ABŞ dolları) cərimə tətbiq olunduğunu bildiriblər. O deyir ki, sərhədçilər pasportunu “məcburi qaydada möhürləyiblər” və yalnız geri dönəndə cəriməni ödəyə biləcəyini söyləyiblər.
Cavid Əhmədov, həmçinin vurğulayıb ki, hazırda təhsil aldığı GIPA və ABŞ səfirliyi məsələ barədə məlumatlıdır və ona dəstək göstərməyə çalışır.