Sentyabrın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesə hakim Telman Hüseynov sədrlik edib.
Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlının “Meydan TV”yə bildirdiyinə görə, zərərçəkmiş qismində dindirilən Qurbanəli Yusifov suallara konkret cavab verməkdən yayınıb, verdiyi ifadələrdə isə ziddiyyətlər ortaya çıxıb.
Onun sözlərinə görə, Yusifovun istintaqa verdiyi ifadələr zalda eşidilməsə də, səsli oxunaraq protokol üçün qeydə alınıb. Daha sonra Azər Qasımlı ona suallar ünvanlayıb və dəqiq cavab tələb edib. Lakin şahid çox vaxt yayınan cavablar verib. Hakim də dəfələrlə müdaxilə edərək, suallara birbaşa cavab verməsini tələb edib.
Samirə Qasımlının sözlərinə görə, Yusifov məhkəmədə Azər Qasımlının ondan yalnız öz pulunu istədiyini etiraf edib. Bu isə ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 182.2-ci maddəsinin – “başqasının əmlakını hədə-qorxu ilə tələb etmə” ittihamının əsassız olduğunu göstərir:
“Qurbanəli Yusifov cavabında dedi ki, Azər məndən özgə malı yox, öz pulunu istəyib. Bu da ittihamın hüquqi mahiyyətini zəiflədir”.
Məhkəmə zamanı Yusifovun əvvəlcə daxili işlər naziri Vilayət Eyvazovun adına yazdığı məktub da gündəmə gətirilib. Həmin məktubda o, Qasımlını dövlətçiliyə qarşı qaldırmaqda ittiham etsə də, suallara cavabında bunun “sadəcə variant kimi yazıldığını” deyib. Zaldakıların bu cavabı gülüşlə qarşıladığı bildirilir.
Məhkəmə prosesi təxirə salınıb.
Azər Qasımlı 2023-cü il dekabrın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü maddəsi ilə (hədə-qorxu ilə tələb etmə, zor tətbiqi ilə törədildikdə) ittiham irəli sürülüb və barəsində həbs qətimkan tədbiri seçilib. Qasımlı ittihamların qondarma və siyasi motivli olduğunu bəyan edir.
Politoloq bundan əvvəl də 2018-ci ildə Bakıda keçirilən etiraz aksiyasına rəhbərlik etdiyinə görə 30 sutkalıq inzibati həbs cəzası almışdı.
2023-cü ilin sonundan etibarən Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyəti üzərinə repressiyaların genişləndiyi müşahidə olunur. Hüquq müdafiəçilərinin hesabatlarına əsasən, hazırda ölkə həbsxanalarında təxminən 400-ə yaxın siyasi məhbus saxlanılır.