Avropa Şurası Parlament Assambleyasının (AŞPA) məruzəçisi, belçikalı deputat Kristof Lakrua “Abzas Media işi”ndəki yeddi jurnalist barəsində uzunmüddətli həbs cəzasının qüvvədə saxlanılmasından məyusluğunu ifadə edib.
“Azərbaycanda jurnalistlərin və insan haqları müdafiəçilərinin həyatına və təhlükəsizliyinə təhdidlər” mövzusu üzrə məruzəçi olan Lakrua bu barədə sentyabrın 12-də yayımlanan bəyanatında bəhs edib.
O, bəyanatında “Abzas Media”nın direktoru, 2025-ci il “Vatslav Havel İnsan Haqları Mükafatı”na namizəd göstərilmiş Ülvi Həsənlini xüsusilə qeyd edib. Vurğulayıb ki, Ülvi Həsənli daha əvvəl AŞPA dinləmələrində iştirak edib.
Məruzəçi bildirib ki, Ülvi Həsənli iyunun 20-də 9 il həbs cəzasına məhkum edilib və hazırda ağır şəraitdə, uzaq həbsxanada saxlanılır. Həsənli buna görə aclıq aksiyaları edib.
“Həsənli və digər jurnalistlərin üzərinə qoyulan “qaçaqmalçılıq” kimi ittihamların məqsədi korrupsiya haqda tənqidi reportajlar hazırlayan jurnalistləri susdurmaqdır. Bu, təəssüf ki, ayrı-ayrı hadisə deyil, Azərbaycanda müstəqil media və vətəndaş cəmiyyətinə qarşı davamlı təzyiq kampaniyasının bir hissəsidir”.
Lakrua bildirib ki, azad media istənilən demokratik cəmiyyətin təməlidir:
“Müstəqil jurnalistikanı məhdudlaşdırmaq cəmiyyətin şəffaflıq və hesabatlılıq prinsiplərinə böyük zərbədir. Mən Azərbaycandakı cəsarətli jurnalistlər və insan haqları müdafiəçiləri ilə həmrəyəm və onların azadlığı üçün səsimi qaldırmağa davam edəcəyəm”.
AŞPA məruzəçisi Azərbaycan hakimiyyətini mənalı dialoqa qayıtmağa çağırıb:
“İnsan haqlarına hörmət, plüralizmin təşviqi və beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlıq ölkənin dinc və firavan gələcəyi üçün vacib şərtlərdir”.
2023-cü il noyabrından etibarən “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, araşdırmaçı jurnalist Hafiz Babalı, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs ediliblər.
Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.
İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.