Naxçıvan sakini Novruz Musayev iddia edir ki, üç hərbçi 15 yaşlı oğluna təcavüz edib. Onun sözlərinə görə, təqsirlilərdən biri Kəngərli Rayon Hərbi Prokurorluğuna rüşvət verdikdən sonra azadlığa buraxılıb, digər ikisi isə müvafiq olaraq 9 ay və 1 il həbs cəzası alıb.
Bu barədə ilk dəfə sentyabrın 4-də “Gündəlik Naxçıvan” sosial media səhifəsi məlumat yayıb.
Musayev sosial şəbəkədə yayımlanan videomüraciətində Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya səslənib. O bildirib ki, oğlu məhkəmədə təcavüz edən hərbçilərin adlarını çəksə də, hərbi prokurorluq ifadəni qəbul etməyib:
“Nəticədə oğlum məktəbdən və hazırlıq kurslarından çıxarıldı. Bizim həyatımız qaranlığa qərq oldu”.
Atanın “OC Media”ya verdiyi açıqlamaya görə, hadisədən yalnız polis araşdırması zamanı xəbər tutublar.
Məhkəmə hökmündə 30 yaşlı hərbi qulluqçu - baş mexanik-sürücü Panahovun 15 yaşlı yeniyetməni dəfələrlə zorladığı təsdiqlənib. Lakin təqsirləndirilən şəxs cəzasının yüngülləşdirilməsini xahiş edərək, evli, bir övlad atası və ailənin yeganə dolanışıq mənbəyi olduğunu bildirib. Hökmün mətnində qeyd olunub ki, Panahov “homoseksuallıqdan əziyyət çəkir” və bu, onun seksual davranışlarını idarə etmək imkanlarını məhdudlaşdırır. Nəticədə o, cəmi 9 ay həbs cəzasına məhkum edilib və müəyyən vəzifələrdə işləmək hüququndan bir il müddətinə məhrum olunub.
Digər təqsirləndirilən, 26 yaşlı leytenant Əsədov isə 1 il həbs və 1,5 il müddətinə vəzifə hüququndan məhrum edilib.
Musayevin iddiasına görə, təqsirlilərin arasında Əsədovun qardaşı da olub, lakin prokurorluq sübut tələb edərək onun haqqında işi bağlayıb.
“Onlar məsələni rüşvətlə həll etdilər, mən kasıbam, vəkil tutmağa imkanım yoxdur”, – deyə ata bildirib.
Hüquqşünas Zibeydə Sadıqova “OC Media”ya açıqlamasında bildirib ki, qanunvericiliyə görə, 14–16 yaşlılarla cinsi əlaqədə olan şəxs ən azı 1 ildən 3 ilə qədər həbs olunmalıdır: “15 yaşlı uşaq razılıq versə belə, bu, cinayətdir”.
Azərbaycan Cinayət Məcəlləsi 14 yaşına çatmamış uşaqlara qarşı bu tipli cinayətlər üçün 3 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutur.
Musayev məhkəmə hökmündən apellyasiya şikayəti verdiyini deyib:
“Necə ola bilər ki, hərbçi uşağımı zorlasın və cəmi 9 ay, 1 il cəza alsın? Bu, ədalətsizlikdir”.
O, dövlət rəhbərliyinə çağırış edərək bildirib: “Əgər vətəni qorumağa borclu olan zabit mənim uşağımı zorlayırsa, bu, dünyanın sonudur. Xahiş edirəm, sərt tədbirlər görün”.