Ülvi Həsənli aclığın 16-cı günündə: “40 dərəcə istidə aclıq edən adam “kars”da saxlanılır”

Ülvi Həsənli aclığın 16-cı günündə: “40 dərəcə istidə aclıq edən adam “kars”da saxlanılır” Foto: Sosial Media
4 Avqust 2025
Mətni dəyiş

16 gündür aclıq aksiyası keçirən “Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənlinin səhhəti kəskin şəkildə pisləşib.

Bu barədə jurnalistin həyat yoldaşı Rübabə Quliyeva məlumat verib.

Bildirilir ki, Həsənli son 16 gündə 15 kiloqram çəki itirib, hazırda çəkisi 63 kiloqramdır.

Onun bədəni zəifləyib, ciddi halsızlıq müşahidə olunur. Ailəsi qeyd edir ki, son görüş zamanı o, ayaq üstə güclə dayana bilib.

“40 dərəcə istidə aclıq edən adam “kars”da saxlanılır. Orada nə pəncərə, nə də havalandırılmaya aid bir şey yoxdur,”- Rübabə Quliyeva bildirib.

O deyib ki, bu səbəbdən Həsənli nəfəs darlığından əziyyət çəkir, ürək döyüntüləri isə kəskin şəkildə artıb.

“Ürəyi elə döyünür elə bil yerindən çıxacaq. Bu baş verənlərin nəticəsində orqanizmdə qan dövranı zəifləyib, ürəyə qan çox zəif getdiyinə görə ayaqları donur. Bədənindən soyuq tər gedir, orqanizm sağ qalmaq uğrunda mübarizə aparır. Böyrəklərində də arğılar yaranıb, təyziqi zəifdir”, - Rübabə Quliyeva deyir.

Onun sözlərinə görə, Həsənlinin vəziyyətinə heç bir həkim nəzarət aparmır.  

“Nəzarətçiyə valerianka veriblər ki, Ülvinin halı pis olsa ona 2 ədəd tabletka versin. Göz görə-görə adamı öldürürlər”,- o deyib.

Bundan əvvəl ailəsi Ülvi Həsənlinin dərhal tibbi müəssisəyə köçürülməsini tələb edib, ancaq bu baş verməyib.

Ülvi Həsənli iyulun 20-də müddətsiz aclığa başladığını elan edib. O, aclıq qərarını Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vədin yerinə yetirilməməsi ilə əsaslandırıb.

Ona dəstək olaraq “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən aclıq aksiyasına qoşulublar. Onlar iyulun 28-də ailə üzvlərinin səhhətində yaranan problemləri nəzərə alaraq aksiyanı dayandırıblar.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun