Azərbaycan və Ermənistanın cümə günü Vaşinqtonda Anlaşma Memorandumu imzalayaraq sülh prosesinə sadiqliklərini bəyan etmələri gözlənilir. Bu barədə “Middle East Eye” nəşri regional mənbələrə istinadən yazıb.
Məlumata görə, ABŞ prezidenti Donald Tramp imzalanma mərasimi üçün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcək.
Bu barədə məlumatı ABŞ-də yaşayan jurnalist Aleks Raufoğlu da paylaşıb. O, X hesabında yazıb:
“Bir neçə mənbə mənə təsdiqləyib ki, Ermənistan və Azərbaycan bu həftənin sonuna doğru Vaşinqtonda sülh niyyətlərini bəyan etməyə hazırlaşır. Mənbələrin bildirdiyinə görə, Tramp cümə günü həm Nikol Paşinyanı, həm də İlham Əliyevi Ağ Evdə qəbul edəcək”.
Bundan başqa Respublikaçı konqresmen Co Vilson öz “X” hesabında yazıb ki, Donald Trampın vasitəçiliyi ilə tezliklə Azərbaycan və Ermənistan arasında sülh razılaşması əldə oluna bilər. O qeyd edib ki, sülhsevərliyinə görə Donald Tramp Nobel Sülh Mükafatına layiqdir.
Ermənistan hökuməti “News.am”a bildirib ki, hazırda Nikol Paşinyanın ABŞ-a gözlənilən səfəri ilə bağlı mətbuatda və sosial şəbəkələrdə yayılan məlumatı nə təsdiq, nə də təkzib edə bilərlər.
Azərbaycan tərəfi də bu barədə hələlik heç bir açıqlama verməyib.
“Middle East Eye”ın yayımladığı məqalədə deyilir ki, 2025-ci ilin mart ayında tərəflər sülh sazişi layihəsi üzrə razılığa gəlsələr də, Bakı sənədin yekunlaşdırılması üçün əlavə şərtlər irəli sürür. Azərbaycanın əsas tələbi Ermənistanın konstitusiyasından Azərbaycan ərazilərinə dair istinadların çıxarılmasıdır ki, bu da Ermənistanda referendum tələb edir.
Ağ Evdə baş tutacağı deyilən görüş iyul ayında iki liderin Əbu-Dabidə baş tutan görüşünün davamı kimi keçirilir. İlham Əliyev həmin görüşdən sonra bildirib ki, bir neçə ay ərzində sənədin əsas prinsipləri razılaşdırıla və paraflana bilər.
Məlumata görə, Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov türkiyəli həmkarı Hakan Fidanı bu görüş barədə məlumatlandırıb.
Prosesdə əsas mübahisə mövzularından biri “Zəngəzur dəhlizi”dir. Bakı bu dəhliz vasitəsilə əsas ərazisini Ermənistan üzərindən Naxçıvanla birləşdirməyi hədəfləyir. Ermənistan isə “Zəngəzur dəhlizi” ifadəsini rədd edərək bunun Sünik vilayətinə dair iddialar yaratdığını bildirir.
ABŞ tərəfi ötən ay dəhlizin 100 illiyinə amerikalı şirkət tərəfindən idarə olunmasını təklif edib. Ermənistan isə suveren ərazisini üçüncü ölkəyə icarəyə verməkdən imtina edib.
Mənbələrə görə, bu ideya əvvəlcə Türkiyə tərəfindən irəli sürülüb. Lakin Ermənistan şirkətin dəhlizin Naxçıvan hissəsini də idarə etməsini istəyib. Rəsmi Bakı üçün isə bu, qəbuledilməzdir.