Tramp Rusiyanı “iqtisadi müharibə” ilə hədələyib

Tramp Rusiyanı “iqtisadi müharibə” ilə hədələyib
27 Avqust 2025
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp hökumət üzvləri ilə görüşdə bəyan edib ki, əgər Rusiyanın Ukraynaya qarşı apardığı müharibənin dayandırılmasına nail ola bilməsə, Moskvanı “iqtisadi müharibə” ilə üz-üzə qoyacaq. Onun sözlərini “Bloomberg” yayıb.

“Bu, dünya müharibəsi olmayacaq, iqtisadi müharibə olacaq. İqtisadi müharibə isə Rusiya üçün çox pis nəticələnəcək. Mən bunu istəmirəm”, - deyə Tramp bildirib.

O, Vladimir Putinə Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlara razılıq verməsi üçün vaxt məhdudiyyəti qoyulub-qoyulmadığı barədə suala cavab verərkən, “niyyətlərinin çox ciddi olduğunu” vurğulayıb və döyüşlərdə minlərlə insanın həyatını itirdiyini xatırladıb.

Tramp avqustun 15-də Alyaskada Putinlə görüşdükdən sonra Rusiya və Ukrayna prezidentlərinin iki həftə ərzində görüşəcəyini açıqlamışdı. Lakin bu günə qədər belə görüş baş tutmayıb. ABŞ lideri deyib ki, o, şəxsi görüşün keçirilməsi üçün israr edəcək, çünki “müharibənin bitməsini istəyir”.

Jurnalistlərin Rusiya xarici işlər naziri Sergey Lavrovun “Putin Zelenski ilə saziş imzalamayacaq, çünki onu qeyri-legitim hesab edir” sözlərini xatırlatmasına Tramp belə cavab verib: 

“Onların nə dediyinin heç bir əhəmiyyəti yoxdur. Hamısı boş söhbətdir, sadəcə ictimaiyyət üçün oynayırlar”.

ABŞ prezidenti əlavə edib ki, münaqişənin həllində irəliləyişin olmamasında Zelenskinin də “tamamilə günahsız” olmadığını düşünür. 

“Hazırda onunla münasibətlərim yaxşıdır, amma əvvəlkindən fərqli münasibətlərimiz var. Çünki biz artıq Ukraynaya pul vermirik”, – deyə Tramp NATO üzvlərinin ABŞ silahlarını alaraq Kiyevə ötürməsini nəzərdə tutaraq bildirib.

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff kabinet iclasında deyib ki, Vaşinqton müharibənin 2025-ci ilin sonuna qədər bitəcəyinə ümid edir. Onun sözlərinə görə, yaxın günlərdə ABŞ tərəfi Ukrayna ilə yanaşı, Qəzzada müharibə və İsrail-İran qarşıdurması kimi digər münaqişələrin həlli istiqamətində də görüşlər təşkil edəcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun