“The Washington Post” yazır ki, ABŞ prezidenti Donald Tramp uzun illər davam edən münaqişəyə son qoymaq məqsədilə Azərbaycan və Ermənistan liderlərilə cümə günü Ağ Evdə görüşəcək.
Nəşrin yazdığına görə, iki yüksək vəzifəli Ağ Ev rəsmisi bu məlumatı təsdiqləyib.
Adlarının açıqlanmasını istəməyən həmin rəsmilərdən biri bildirib ki, cümə günü Azərbaycan və Ermənistan liderləri Tramp ilə görüşərkən iki ölkə arasında sülh sazişinin elan olunması mümkündür.
Azərbaycan və Ermənistan liderləri sonuncu dəfə ötən ay Birləşmiş Ərəb Əmirliklərində danışıqlar aparsalar da, hələlik yekun razılaşma elan olunmayıb.
Nəşr yazır ki, seçkiqabağı kampaniyası çərçivəsində Trump özünün “Truth Social” platformasında paylaşdığı mesajda “təqib olunan xristianları qoruyacağına” söz verib və rəqibi Kamala Harrisi “120 min erməni xristianının dəhşətli şəkildə təqib olunmasına və məcburi köçürülməsinə qarşı HEÇ NƏ etməməkdə” ittiham edib.
Tramp bildirib ki, “zorakılıq və etnik təmizləməni dayandırmaq üçün çalışacaq və Ermənistanla Azərbaycan arasında sülh bərpa olunacaq.”
Tramp bu ilin iyununda ABŞ-ın vasitəçiliyi ilə Konqo Demokratik Respublikası və Ruanda arasında imzalanmış sülh sazişini Oval kabinetdə qeyd edib.
O bir neçə dünya lideri tərəfindən Nobel Sülh Mükafatına namizəd göstərilib. Bu, həm Trampın sülhün qorunması istiqamətindəki səylərini qeyd etmək, həm də onun rəğbətini qazanmaq üçün istifadə olunan bir taktika kimi qiymətləndirilir.
Kambocanın baş nazir müavini ötən həftə ölkəsinin Trampı namizəd göstərəcəyini bildirib, İsrailin baş naziri Benyamin Netanyahu isə iyul ayında Trampın mükafata namizədliyini irəli sürdüyünü açıqlayıb.
İyun ayında Pakistan, ilin əvvəlində Pakistan və Hindistan arasındakı zorakı münaqişəni aradan qaldırmaq istiqamətindəki səylərinə görə Trampı namizəd göstərdiyini bəyan edib.
Nobel Sülh Mükafatının təqdimatı dekabr ayında baş tutacaq.