"Toplum TV işi": "Nazirlik niyə araşdırmayıb ki, mən jurnalist kimi vergi ödəyirəm, ya yox?"

"Toplum TV işi": "Nazirlik niyə araşdırmayıb ki, mən jurnalist kimi vergi ödəyirəm, ya yox?" Foto: Toplum TV
4 Avqust 2025
Mətni dəyiş

Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti proses keçirilib. Məhkəməyə hakim Azər Tağıyev sədrlik edib.

“Toplum TV”nin məlumatına görə, prosesin şahid ifadələri ilə davam etməsi gözlənilsə də, Dövlət Vergi Xidmətinin mülki iddiasının əsaslandırılması vaxt apardığı üçün bu mümkün olmayıb.

Xidmətin nümayəndəsi zərərçəkmiş qismində iştirak edərək, müdafiə tərəfinin və hakimin suallarını cavablandırıb.

Vəkil Fəxrəddin Mehdiyev ondan “Toplumçuların” 79 min manatlıq vergi borcunun hansı əsasla hesablandığını soruşub.

Xidmət rəsmisi isə işçilərlə əmək müqaviləsi bağlanmaması və icarə müqavilələrinin əsas götürüldüyünü deyib.

Vəkillərin “icarə müqavilələri kimlər arasında bağlanıb?” sualına cavab olaraq isə, “bu barədə mütəxəssis rəyi var, istintaq belə müəyyən edib” deyilib.

Vəkil Rəsul Cəfərov qeyd edib ki, istintaq hər təqsirləndirilən şəxsin büdcəyə nə qədər ziyan vurduğunu ayrı-ayrılıqda göstərməlidir. O bildirib ki, iddianamədə bu yoxdur. Xidmətin nümayəndəsi isə bu suallara cavab verməyəcəyini söyləyib.

Bundan sonra vəkil Xidmətin zərərçəkmiş qismində tanınmasına xitam verilməsi üçün vəsatət qaldırıb, ancaq vəsatət rədd edilib.

Demokratik Təşəbbüslər İnstitutunun (İDİ) əməkdaşı Əli Zeynal isə bildirib ki, konkret rəqəmləri prezidentin köməkçisi Hikmət Hacıyev deyə bilər.

O fikrini belə əsəslandırıb: 

“Jurnalist Fərid İsmayılov hələ COP-29 tədbirləri zamanı Hikmət Hacıyevə “Toplumçu”ların həbsi barədə sual verəndə, o, cavabında demişdi ki, “həmin şəxslər konkret cinayət əməlinə görə həbs olunublar və istəsəniz sizə məbləğləri də deyə bilərəm”. Bir halda ki, iddiaçı tərəf dəqiq məbləğləri bilmir, Hikmət Hacıyevi çağırın, gəlsin o desin”.

Hakim bu məsələ ilə bağlı vəsatət qaldırıla biləcəyini xatırladıb.

Daha sonra vəkil Günay İsmayılova bildirib ki, ittihamda təqsirləndirilən şəxslərin 2020-ci ildən vergi ödəmədikləri yazılıb. Lakin həmin dövrdə İlkin Əmrahov və Ramil Babayev tələbə olub, fərqli sahələrdə çalışıblar. Vəkilin “araşdırma aparmısınızmı?” sualına isə Xidmət rəsmisi “bu bizim işimiz deyil” cavabını verib.

İlkin Əmrahov isə çıxışında bildirib ki, cəmi 4-5 ay İDİ-də işləyib, amma hamı kimi eyni miqdarda ziyan vurmaqda ittiham olunur. Bu səbəbdən ziyanın kim tərəfindən nə qədər vurulduğunun müəyyənləşdirilməsini istəyib.

Jurnalist Fərid İsmayılov isə bildirib ki, “Toplum TV”də işlədiyi dövrdə dəfələrlə Vergilər Nazirliyinə sorğu göndərib və cavab alıb.

“O zaman Xidmət niyə araşdırmayıb ki, mən jurnalist kimi vergi ödəyirəm, ya yox?” deyə o soruşub.

Xidmət nümayəndəsi yenə cavab verməyib, İsmayılov isə “çünki cavabı bilmirsiniz” deyə reaksiya verib.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə qarşı cinayət işi açılıb. Həbs olunanlar arasında “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədli, jurnalistlər Müşfiq Cabbar və Fərid İsmayılov, İDİ-nin rəhbəri və “III Respublika Platforması“nın spikeri Akif Qurbanov, “III Respublika Platforması”nın qurucu üzvü Ruslan İzzətli, İDİ əməkdaşları Əli Zeynal, Ramil Babayev və İlkin Əmrahov var.

Onlara ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülsə də, 2024-cü il yanvarın 17-də onlara qarşı daha ağır ittihamlar elan olunub. Jurnalist Elmir Abbasov isə polis nəzarəti altına verilib.
 
“Toplum TV” baş verənlərin peşə fəaliyyətləri ilə əlaqədar olduğunu bildirib və işi müstəqil mediaya qarşı basqı kimi qiymətləndirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun