Tofiq Yaqublunun vəkili həbsxanada qanunsuz yoxlanışlara məruz qaldığını bildirir

Tofiq Yaqublunun vəkili həbsxanada qanunsuz yoxlanışlara məruz qaldığını bildirir foto: sosial media
20 Avqust 2025
Mətni dəyiş

Müsavat Partiyasının və Milli Şuranın həbsdə olan üzvü Tofiq Yaqublunun vəkili Nemət Kərimli bir müddətdir Penitensiar Xidmətin Müalicə Müəssisəsində qanunsuz məhdudiyyətlərlə üzləşdiyini bildirir.

Bu barədə siyasətçinin qızı Nigar Həzi məlumat yayıb.

Onun sözlərinə görə, vəkil müvəkkili ilə görüşə gedərkən özü ilə apardığı bütün sənədlər müəssisə əməkdaşları tərəfindən xüsusi yoxlamadan, senzuradan keçirilir.

O deyir ki, əməkdaşlar yalnız “uyğun” bildikləri sənədlərin görüş otağına aparılmasına icazə verirlər. Bu isə vəkil ilə müvəkkil arasındakı konfidensiallığın kobud şəkildə pozulması deməkdir.

“Keçən həftənin 5-ci günü Tofiq Yaqubluyla görüşə gedən vəkil Nemət Kərimli yenə kobud qanun pozuntusu ilə üzləşib və bu dəfə etiraz olaraq görüşdən imtina edilib. Həmin görüşə o, Tofiq Yaqublunun 2013-cü ildəki saxta cinayət işiylə bağlı AİHM-nin kommunikasiya mərhələsinin müzakirəsi üçün getmişdi”, - Nigar Həzi bildirib.

"Abzas Media"ya danışan vəkil Nemət Kərimli də deyir ki, müəssisədə aparılan yoxlamalar qanuna ziddir.

Onun sözlərinə görə, sənədlərin məzmunu ilə tanış olunması, yaxud vəkilin üzərində axtarış aparılması, ciblərinin yoxlanması nə Azərbaycan qanunvericiliyinə, nə də Avropa İnsan Hüquqları Konvensiyasına uyğundur.

Nemət Kərimli məsələ ilə bağlı artıq Baş Prokurorluğa, Nizami rayon prokurorluğuna və Penitensiar Xidmətə rəsmi şikayətlər göndərdiyini də qeyd edir.

O, həmçinin Avropa İnsan Haqları Konvensiyasının 34-cü maddəsinə əsaslanaraq Avropa Məhkəməsinə də müraciət hazırladığını bildirib.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib.

Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçisidir və bu müddətdə 8 dəfə həbs olunub. O, vicdan məhbusu kimi tanınıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun