Millət vəkili, politoloq Rasim Musabəyov Gela Vasadzeyə müsahibəsində bildirib ki, Rusiya Ukrayna ərazisində SOCAR-a məxsus obyektlərə qarşı “düşməncəsinə və qəbuledilməz” addımlar atır.
Onun sözlərinə görə, əgər Moskva bu hərəkətləri davam etdirərsə, Bakı Ukraynaya silah tədarükünə qoyduğu embarqonu ləğv edə bilər.
Avqustun 8-də Rusiyanın “Şahed” dronlarından istifadə edərək Odessa bölgəsində Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus neft bazasına hücum etdiyi bildirilmişdi. Zərbə nəticəsində yanğın baş verib, dizel yanacağı kəməri zədələnib.
Bundan iki gün öncə isə Rusiya ordusu Azərbaycan qazının sınaq tədarüklərinin keçdiyi Ukrayna qaz kompressor stansiyasını vurub. Kiyev bu hücumları “energetikaya və Azərbaycan, ABŞ və Avropa tərəfdaşları ilə münasibətlərə qarşı məqsədyönlü addım” adlandırıb.
Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski ilə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub və tərəflər hücumların məqsədyönlü şəkildə həyata keçirildiyini bildiriblər.
Hücumlar iyulun sonunda “Naftoqaz” və SOCAR-ın törəmə şirkəti “SOCAR Energy Ukraine” arasında Transbalkan dəhlizi ilə qaz tədarükünə dair razılaşmanın imzalanmasından sonra baş verib.
Rusiya mətbuatı yazır ki, Moskvada bəzi dairələrdə Bakıdan Ukraynaya qaz satışının, hətta Türkiyədəki artıqların, o cümlədən Rusiya mənşəli qazın alınaraq Kiyevə ötürülməsinin mümkünlüyü müzakirə olunur.
Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin sözlərinə görə isə, son vaxtlar Azərbaycan bir sıra hallarda Rusiya maraqlarına düşmənçilik kimi qiymətləndirilə biləcək müstəqil siyasət yürüdür. Onun fikrincə, qonşu ölkə Rusiyaya münasibətini göstərmək üçün bəhanələr axtarmağa başlayıb.
SOCAR obyektlərinə hücumlar son aylarda Bakı ilə Moskva arasında artan siyasi gərginlik fonunda baş verir.
Bu gərginlik AZAL təyyarəsinin 2024-cü ilin dekabrında qəzaya uğraması, Yekaterinburqda xüsusi əməliyyat zamanı azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ölümü, Bakıda “Sputnik Azərbaycan” rəhbərliyinin “FSB-yə işləmək” ittihamı ilə saxlanılması, 11 Rusiya vətəndaşının narkotik və kibercinayət ittihamları ilə həbsi, eləcə də Qarabağda rəssam İvan Ayvazovskinin heykəlinin sökülməsi ətrafında yaranan “toponim müharibəsi” ilə dərinləşib.