Paşinyan: “Sülhün bərqərar olması o demək deyil ki, tərəflərin bir-birinə ünvanlanmış sualları qalmayıb”

Paşinyan: “Sülhün bərqərar olması o demək deyil ki, tərəflərin bir-birinə ünvanlanmış sualları qalmayıb”
28 Avqust 2025
Mətni dəyiş

Avqustun 28-də hökumət iclasından sonra jurnalistlərin suallarını cavablandıran Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh prosesinə dair mövqeyini açıqlayıb.

O bildirib ki, Azərbaycan Prezidenti də müsahibəsində iki ölkə arasında sülhün əldə olunmasından danışıb. 

“News.am” nəşrinin məlumatına görə, jurnalistlərin “Vaşinqton görüşündən sonra siz sülhü artıq baş vermiş fakt kimi təqdim edirsiniz, halbuki Azərbaycan Prezidenti hələ də şantaj dilində danışır və öz tələblərində israr edir” qeydinə cavab verən Paşinyan vurğulayıb:

“Biz sülhün bərqərar olduğunu qeyd edəndə, bu o demək deyil ki, tərəflərin bir-birinə ünvanlanmış sualları və ya fikir ayrılıqları qalmayıb. Belə hallar, heç bir münaqişəmizin olmadığı, hətta dost münasibətlərimiz olan ölkələrlə münasibətlərimizdə də mövcuddur. Dövlətlərarası münasibətlərin qurulması və inkişafı dinamik prosesdir. Tərəflər arasında müəyyən fikir ayrılıqları ola bilər, amma bu, ümumi mənzərəni dəyişmir,” – Paşinyan deyib.

Baş nazir əlavə edib ki, avqustun 18-də etdiyi müraciətində də sülhün daimi qayğıya ehtiyacı olduğunu vurğulayıb:

“Bəli, sülh bərqərar olunub və bu sülh getdikcə daha çox institusional xarakter daşımalıdır”.

Avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Birgə Bəyannamə imzalayıblar. Bəyannamədə bildirilir ki, tərəflər Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması və münasibətlərin bərpası haqqında sazişin əvvəllər razılaşdırılmış mətnini paraflayıb, həmçinin onun yekun ratifikasiyası üçün səy göstərəcəklər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun