Jurnalist Əhməd Muxtar da “Meydan TV işi” çərçivəsində həbs edilib

Jurnalist Əhməd Muxtar da “Meydan TV işi” çərçivəsində həbs edilib
28 Avqust 2025
Mətni dəyiş

Jurnalist Əhməd Muxtarın da “Meydan TV işi” çərçivəsində həbs edildiyi bildirilir. Bu barədə jurnalistin yaxınları məlumat veriblər.
 
Bildirilib ki, avqustun 27-də onun barəsində həbs qətimkan tədbiri seçilib. Jurnalistə qarşı da bu iş üzrə həbs edilən digər şəxslərdə olduğu kimi 8 maddəlik ittiham irəli sürülüb.
 
“Meydan TV”nin redaktoru Orxan Məmməd sosial şəbəkədə etdiyi paylaşımında jurnalist Əhməd Muxtarın media orqanı ilə heç bir əməkdaşlığının olmadığını bildirib.
 
Bu gün – avqustun 28-də “Meydan TV işi” üzrə ibtidai istintaqın bitdiyi elan edilib. Bu iş çərçivəsində təqsirləndirilən şəxslərə yekun ittiham elan olunub. Tanışolmadan sonra iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
 
"Meydan TV" jurnalistləri ötən ilin dekabrında keçirilən polis əməliyyatı nəticəsində saxlanılıblar. Daxili İşlər Nazirliyi məlumat yayıb ki, onlar "qaçaqmalçılıq" faktı ilə bağlı aparılan istintaq çərçivəsində tutulublar.
 
Daha sonra jurnalistlərin hər birinə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) ilə ittiham irəli sürülüb.
 
Dekabrın 8-də Xətai Rayon Məhkəməsində jurnalistlər Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Aynur Qənbərova (Elgünəş), Natiq Cavadlı, Ramin Cəbrayılzadə (Deko), Xəyalə Ağayeva və Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onların həbs müddəti daha sonra bir neçə dəfə artırılıb.
 
Bu ilin fevral ayında daha üç jurnalist - fevralın 4-də Şəmşad Ağayev, fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı "Meydan TV işi" ilə bağlı saxlanılıb.
 
Mayın 7-də isə jurnalist Ülviyyə Quliyeva (Əli) bu iş üzrə həbs edilib.
 
Jurnalistlər ittihamları qəbul etmir, qaçaqmalçılıq ittihamının əsassız olduğunu və peşə fəaliyyətlərinə görə cəzalandırıldıqlarını bildirirlər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun