İsrail hökuməti Netanyahunun Qəzzaya “nəzarətin” təmin olunması qərarını təsdiqləyib

İsrail hökuməti Netanyahunun Qəzzaya “nəzarətin” təmin olunması qərarını təsdiqləyib Foto: 21stcenturychronicle.com
8 Avqust 2025
Mətni dəyiş

İsrailin hərbi-siyasi kabineti baş nazir Benyamin Netanyahunun Qəzza şəhərinə “nəzarətin” təmin olunması qərarını dəstəkləyib.

Baş nazirin ofisinin yaydığı məlumata görə, müharibənin başa çatdırılması üçün beş prinsip qəbul olunub. Bunlara Qəzza sektorunda İsrailin “təhlükəsizlik nəzarəti”, Həmas qruplaşmasının (ABŞ və Aİ-də terrorçu kimi tanınır) silahsızlaşdırılması, bütün girovların qaytarılması, sektorun demilitarizasiyası və HƏMAS-a, həmçinin Fələstin Milli Administrasiyasına aidiyyəti olmayan alternativ mülki idarəçiliyin yaradılması daxildir.

İsrail hökuməti bildirib ki, ordunun Qəzza şəhərinə nəzarəti təmin etməyə hazırlaşması ilə yanaşı, döyüş bölgələrindən kənarda mülki əhaliyə humanitar yardım göstəriləcək.

Bundan bir neçə saat əvvəl Benyamin Netanyahu “Fox News” telekanalına müsahibəsində bildirib ki, işğaldan sonra İsrailin Qəzzada siyasi nəzarət qurmaq niyyəti yoxdur.

“Biz sektora nəzarəti HƏMAS üzvü olmayan və İsraili məhv etməklə hədələməyən mülki idarəçiliyə təhvil vermək istəyirik”, – Netanyahu deyib.

Qərar elan edilməzdən əvvəl ÇAXAL Qəzza şəhərinin iki rayonunun sakinlərinə dərhal təxliyə barədə xəbərdarlıq edib.

Yerli mediada yazılıb ki, İsrail Baş Qərargah rəisi Eyəl Zamir Netanyahuyə sektorun tam işğalı əvəzinə mövcud strategiya ilə hərbi əməliyyatları davam etdirməyi təklif edib, çünki tam işğalın girovların və İsrail hərbçilərinin həyatına təhlükə yaradacağını bildirib.

“Current Time” yazır ki, Qətər, Misir, Səudiyyə Ərəbistanı və Türkiyə də Həmas döyüşçülərini silahı yerə qoymağa, Qəzzadakı hakimiyyətdən imtina etməyə və müharibəni dayandırmaq üçün danışıqlar masasına oturmağa çağırıblar.

BBC Həmas-a istinadən yazır ki, buna cavab olaraq Həmas liderləri bəyanat yayaraq Netanyahunu əvvəlki sülh danışıqlarını pozmaqda və qalan girovları “şəxsi maraqları naminə qurban vermək” niyyətində ittiham ediblər.

Səsvermə keçirilən binanın qarşısında yüzlərlə insan, o cümlədən Həmas-ın əlində olan girovların ailə üzvləri etiraz aksiyası keçirib.

Onlar Qəzzanın tam işğalına qarşıdır və girovların tezliklə azad olunması üçün müharibənin dayandırılmasını tələb edirlər.

Yerlik mediaya görə, Təl-Əvivdə də oxşar tələblərlə etirazlar keçirilib. Aksiya iştirakçılarından biri jurnalistlərə bildirib:

“Bütün Qəzza sektorunun işğal planı yalnız bir şey deməkdir: girovların ölümü, fələstinlilərin ölümü və bəli, İsrail əsgərlərinin ölümü.”

İsrailin “Walla” portalı və özəl “Panel for All” tədqiqat mərkəzinin sorğularına əsasən, israillilərin 67 faizi Qəzza sektorunda müharibənin dayandırılmasının və girovların azad olunmasının tərəfdarıdır. Təxminən 30 faiz isə hərbi əməliyyatların davam etməsini istəyir.

BMT Baş katibinin köməkçisi Miroslav Yença İsrailin sektorun işğalı planlarını kəskin şəkildə qınayıb. BMT bunun fələstinlilər və İsrail girovları üçün “fəlakətli nəticələr” doğuracağı barədə xəbərdarlıq edib.

Həmas-ın əlində hələ də 50 israilli girov qalır. İsrail ordusunun hesablamalarına görə, onların azı 27-si artıq ölüb. Bəzi girov yaxınları İsrailin Qəzzanı işğal etmək niyyətinə qarşı çıxır, çünki sağ qalanların öldürüləcəyindən və ölənlərin cəsədlərinin geri qaytarılmayacağından ehtiyat edirlər.

İsrail 2023-cü ilin payızında Qəzzada hərbi əməliyyatlara başlayıb. Fələstin tərəfinin məlumatına görə, döyüşlər və İsrail hava zərbələri nəticəsində Qəzza sektorunda 60 mindən çox insan həlak olub, mülki infrastruktur isə demək olar ki, tamamilə dağıdılıb.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun