İstanbul Universitetinin Antropologiya fakültəsində magistratura təhsili alan Nanəxanım (Nanə) Babazadə haqqında deportasiya qərarı çıxarılıb.
Yeməkxana qiymətlərinin artırılmasına qarşı keçirilən etiraz aksiyalarında iştirak etdiyi üçün saxlanılan Babazadənin məhkəmə və apellyasiya prosesi başa çatmadan Azərbaycana geri göndərilməsinə cəhd edildiyi bildirilir.
Nanəxanım Babazadəni avqustun 21-də yeməkxanada qiymətlərin artırılmasına qarşı keçirilən etirazlarda iştirakına görə polis saxlayıb. Onun vəkili Əhməd Baran Çelik “Medyascope”a açıqlamasında müvəkkilinin saxlanma zamanı döyüldüyünü, bədənində xəsarətlər yarandığını bildirib. Vəkil həmçinin şortik geyindiyinə görə polisin onu təhqir etdiyini də iddia edib.
Saxlanmadan sonra Babazadə iki gün Arnavutköy Geri Göndərmə Mərkəzində saxlanılıb. Vəkil Çelik deyib ki, burada polis ona agent olmağı təklifi edib:
“Nanəyə “Bizimlə işlə, əməkdaşlıq et” kimi təkliflər ediblər. O, bunu qəbul etmədiyi üçün 11 saat ərzində stulda oturdublar, qalxmasına imkan verməyiblər. Hətta “Ölkəmə könüllü dönmək istəyirəm” sənədinə imza atması üçün təzyiq göstərilib”.
Vəkil bildirib ki, müvəkkili veqan olduğuna görə bu müddətdə yeməksiz qalıb:
“Veqan qidalanmaya uyğun yemək verilmədiyi üçün 24 saat ərzində qida qəbul etməyib. Həmçinin ona lazım olan dərmanlar da verilməyib”.
Daha sonra Babazadə Çatalca Geri Göndərmə Mərkəzinə köçürülüb. Çelik qeyd edib ki, Arnavutköydə bu transfer zamanı onun bütün paltarlarını çıxarması tələb olunub:
“Müvəkkilimiz çılpaq axtarışa etiraz etdiyinə görə zorakılığa məruz qalıb. Onun başı zorla əyilib və paltarları çıxarılmağa çalışılıb”.
Çelik müvəkkilinin əsas insani hüquqlarının pozulduğunu, “ümumi ictimai təhlükəsizliyi pozma” adı ilə verilmiş deportasiya qərarının isə qanunsuz olduğunu deyib. Onun sözlərinə görə, Babazadə Azərbaycanda veqan, qadın haqları və LGBTİ+ fəalı olduğu üçün həyati təhlükə ilə üzləşə bilər.
Hazırda Nanəxanım Babazadə Çatalca Geri Göndərmə Mərkəzində saxlanılır. Vəkil bildirib ki, hələ 7 günlük məhkəməyə müraciət və apellyasiya müddəti bitmədən deportasiya cəhdi müvəkkilinin hüquqlarının pozulmasıdır və onlar məhkəməyə müraciət edəcəklər.