Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” kanalına müsahibəsində Ermənistanla əldə olunan razılaşmanı tarixi dönüş adlandırıb. O bildirib ki, avqustun 8-də Vaşinqtonda sənədin paraflanması Cənubi Qafqazda münaqişə dövrünə son qoyur.
Əliyev xatırladıb ki, 1990-cı illərdə Ermənistan xarici tərəfdarların dəstəyi ilə Azərbaycanın təxminən 20 faiz ərazisini işğal edib, nəticədə 1 milyon insan qaçqın və məcburi köçkünə çevrilib:
“Əhalimizin 8 milyondan biri evindən didərgin düşmüşdü. Bu, dünyada ən yüksək nisbətlərdən biri idi. Birinci Qarabağ müharibəsi 1994-cü ildə atəşkəslə bitdi, lakin 2020-ci ilə qədər mənasız və nəticəsiz danışıqlar davam etdi”.
Prezident vurğulayıb ki, 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın ədaləti və beynəlxalq hüququ bərpa etməsi ilə nəticələnib. Əliyevin sözlərinə görə, müharibədən sonra yaranan boşluğu doldurmaq üçün məhz Azərbaycan Ermənistanla sülh prosesini başlatmaq təşəbbüsünü göstərib:
“Biz sülh sazişinin layihəsini təqdim etdik və danışıqlar formatını təklif etdik. Avqustun 8-də Vaşinqtonda paraflanan sənəd də məhz Azərbaycanın baxışına əsaslanır. Formal olaraq sülh sazişinin imzalanmamasının bir xüsusi səbəbi var - Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü hələ də şübhə altına alan müddəa mövcuddur. Bildiyimiz qədər, onlar həmin müddəaya dəyişiklik edəcəklər. Elə ki, bu dəyişiklik olundu, yəni, Azərbaycanın ərazi bütövlüyünə qarşı iddialar onların konstitusiyasından çıxarıldı, formal sülh sazişi də imzalanacaq”.
Əliyev qeyd edib ki, Vaşinqtonda sənədin paraflanmasını Ermənistanla ABŞ, Avropa İttifaqı, Türkiyə və ərəb ölkələri dəstəkləyib. Onun fikrincə, bu razılaşmanı pozmaq “bütün dünyaya qarşı çıxmaq” demək olardı.
Prezident razılaşmanın təkcə Azərbaycan-Ermənistan münasibətlərinə deyil, həm də daha geniş coğrafiyaya təsir edəcəyini deyib:
“Bu, mərhələlərlə 30 ildən artıq davam edən müharibənin sonudur. İndi həm Cənubi Qafqaz, həm də Mərkəzi Asiya və Yaxın Şərq üçün tamamilə yeni imkanlar açılır”.