Avqustun 18-də həbs müddəti daha 20 gün uzadılan “Gənc Qazilər” İctimai Birliyinin sədri Hacı Vəliyev Bakı İstintaq Təcridxanasında “Meydan TV işi” üzrə həbs edilən jurnalist Ülviyyə Əliyə danışıb. O, həbsinin səbəblərindən, gördüyü işgəncələrdən və təşkilatın fəaliyyətinin dayandırılmasından bəhs edib.
"Abzas Media" müsahibəni təqdim edir.
Hacı Vəliyev bildirib ki, həbsinə səbəb qazilər və veteranlarla bağlı sosial şəbəkələrdə və mediada səsləndirdiyi tənqidlər olub:
“Məni ictimai fəaliyyətimə görə, hökumətin qazilərə ögey münasibətini ifşa etdiyimə görə həbs ediblər. Qondarma ittihamlarla saxlanmışam. Buna etiraz olaraq aclıq elan etmişdim. Özümü yaxşı hiss etmirdim. 26 iyunda – Silahlı Qüvvələr Günündə “kars”a (red.: cərimə kamerası) salındım. Dörd gün ərzində karsın starşinası kiçik gizir Tural adlı şəxs mənə qarşı zorakılıq etdi. Orada olduğum hər gün mənəvi əzab, işgəncə verdilər. Başım yaralandı, şişlər hələ də qalır”.
Vəliyev deyir ki, həbsi gözlənilən idi:
“Haqq-ədaləti tələb etdiyim üçün bilirdim ki, bir gün saxta ittihamlarla məni həbs edəcəklər”.
Vəliyev müsahibədə xatırladır ki, 10 il ön cəbhədə xidmət edib:
“Müharibədən sonra islahatlar olacağını düşünürdük, amma tam əksi oldu. Qazilərə və veteranlara haqq etdikləri qayğı göstərilmədi. Hökumət üçün heç bir dəyər yoxdur. Şəhid ailəsi, qazi, veteran və yaxud sıravi vətəndaş fərqi yoxdur, kim tənqid edirsə, həbs olunur”.
Həbsini təsvir edən Hacı Vəliyev deyir ki, martın 31-də dərman almaq üçün evindən çıxarkən BŞBPİ-nin polisləri onu oğurlayıb:
“Cinayət Məcəlləsinin 221.3 və 186.1-ci maddələri ilə iş açıldı. Halbuki saxta ittihamlardır”.
Müharibədən qalan ağır yaraların olduğunu və bir gözünü itirdiyini deyən Hacı Vəliyevin sözlərinə görə, digər gözü də cəmi 3 faiz görür. O bildirib ki, həbsdə olduğu müddətdə ona heç bir tibbi yardım göstərilməyib, vəziyyəti isə daha da ağırlaşıb:
“2018-ci ildə xidmətdə olarkən mədə-bağırsağımda xroniki xəstəlik aşkar edilib. İldə 3 dəfə müayinə və müalicə alırdım, yaralı gözümlə bağlı Göz İnstitutunda mütəmadi müayinə olunurdum. Olmayan gözümdəm mütəmadi çirk gəldiyindən daimi həkimlərin köməyindən istifadə edirdim. Həbs ediləndən heç bir müayinə və müalicədə olmamışam. Heç bir xahişim, istəyim yerinə yetirilməyib. Tibbi dəstək olunmayıb. Həbsdən sonra gözlərimdə və mədə-bağırsağımda ağrılar şiddətlənib”.
Hacı Vəliyev həbsindən sonra “Gənc Qazilər” İB-nin fəaliyyəti dayandırmasının səbəblərindən də danışıb.
“Birliyi 2021-ci ildə yaratmışdıq. Mən həbs ediləndən sonra vəzifəmi başqa bir şəxs icra edirdi. Amma daha sonra təşkilat üzvləri mənə xəbər vermədən İB-ni buraxmaq qərarı veriblər. Bu addımı DTX və BŞBPİ-nin təzyiqi ilə atdıqlarını eşitmişəm. Telefonlarıma cavab vermirlər. Nə baş verdiyini bütün ictimaiyyətdən gizlədirlər, qorxaqlıq edirlər. Bir daha bildirirəm ki, “Gənc Qazilər” İB siyasi təşkilat deyil. Siyasi təşkilat Azərbaycan qanunvericiliyində öz əksini tapır. Bizim fəaliyyətimiz, adından göründüyü kimi, qazilərin, veteranların müharibədən sonra cəmiyyətə adaptasiya olunması, yaralıların düzgün müayinə və müalicə edilməsi, maddi və sosial durumlarının yaxşılaşdırılması, hüquq və mənafelərinin qorunması istiqamətində dəstək olmaqdır”.
Vəliyev qeyd edir ki, 44 günlük müharibədə 20 mindən çox döyüşçü yaralanıb, amma cəmi 3 mininə əlillik statusu verilib:
“ƏƏSMN deyir, bundan artıq şəxsə əlillik verməyəcəyik. Hazırda 187 min veteran var, amma onların aldığı təqaüd cəmi 80 manatdır. Qələbənin memarları şəhidlər, qazilər, veteranlar və xalqdır. Amma hökumət onların haqqını tanımır”.
***
Hacı Vəliyev martın 18-də küçə ticarətilə məşğul olan qazilərin polis müdaxiləsinə məruz qalması ilə bağlı videomaterial yaymışdı.
Martın 31-də 2-ci qrup əlil Hacı Vəliyevi polis əməkdaşları saxlayıb. O, əvvəllər barəsində Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi üzrə olan cinayət işi ilə bağlı tutulub. Ancaq cinayət işinin konkret motivi açıqlanmayıb.
Hacı Vəliyev ona qarşı irəli sürülən ittihamı qəbul etmir.
Müstəqil jurnalist Ülviyyə Əli (Quliyeva) isə bu il mayın 6-da "Meydan TV işi" üzrə saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Ülviyyə Əli özünü təqsirli bilmir, jurnalist fəaliyyətinə görə həbs olunduğunu bildirir.
Yerli hüquq müdafiəçilərinin hesabatına görə, hazırda ölkədə 400-ə yaxın siyasi məhbus var. Hökumət nümayəndələri isə bu iddiaları rədd edir, həbs olunanların konkret əməllərlə bağlı məsuliyyətə cəlb olunduqlarını bildirirlər.