Rəis: Feministlərə necə baxırsınız?
-Yaxşı.
Rəis: Hə, siz belə şeylərə pis baxmırsınız.
Söhbət irəlilədikcə aydın olur ki, Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov feministləri lezbiyan hesab edir. Təkcə o yox, elə əməkdaşlarının əksəriyyəti də belə düşünürlər.
Bu dəfə təcridxananı heç cür qəbul etmədiyi, ayıb saydığı feminist baxışla gözdən keçirəcəyik.
Bir mərtəbəyə sığışdırılan 200 qadın
Mən Bakı İstintaq Təcridxanasında saxlanılan həbs edilmiş qadınam. 2-ci korpusun 2-ci mərtəbəsində saxlanılıram. Təcridxananın rejim sahəsi 3 mərtəbədən ibarət 8 korpusdan təşkil olunub. Dustaqlar ümumilikdə 24 mərtəbədə yerləşdirilib. Bunlardan qadınlar üçün ayrılan cəmi bir mərtəbədir.
Kişilərin saxlanıldığı mərtəbələrdə say maksimum 100 nəfər olsa da, 150, bəzən 200 nəfərə çatan qadınlar cəmi bir mərtəbəyə sığışdırılıb. Buna görə yaranan sıxlıq, yer, yataq çatışmazlığı və özü ilə gətirdiyi bir çox maneələrlə qadınlar baş etməli olurlar. Səslərini çıxarıb etiraz edəndə də nəzarətçilərdən bir söz eşidirlər: “Özünüzü kişilərə göstərirsiniz?”
Qadın korpusu hər iki tərəfdən - alt və üst mərtəbədən kişi korpusu ilə əhatələnib. Mərtəbələrin dəhlizlərinin ortası açıqdır, lambrinlərlə örtülüb. Hər mərtəbədə olan danışıqlar digər mərtəbələrdə eşidilir. Qadınların səsi yüksələn kimi nəzarətçilərin ilk dediyi “Ayıbdır, kişilər eşidir” olur.
Burada qadınların hər hərəkəti kişi gözü ilə saf-çürük edilir.
Elə geyinməlisən ki, gözəgörünməz olasan
Təcridxanada geyimlə bağlı heç bir qanuni tələb olmasa da, qanunsuz tələblər var.
Qadınlar vəkillə, ailə üzvləri ilə görüşə, məhkəməyə yollananda nəzarətçi onun geyimini gözü ilə qarış-qarış ölçür. Köynəyin yaxası nə qədər açıqdır, ətək dizdən nə qədər qısadır, şalvar nə qədər dardır, ayaqqabı nə qədər hündürdür? Ətəyin uzunluğu ilə bağlı hər nəzarətçinin öz meyarı var. Biri üçün uyğun görünən digəri üçün keçilməz həddir. Qadınları dizdən yuxarı ətəklə və ya bədənə kip oturmuş şalvarla görən nəzarətçi səsini başına atıb “Bu, nə geyimdir? Kişilər var”, “Uzun geyin, kişilər var”, “Pomadan çox deyil? Kişilər var”,- deyə gileylənirlər. Qadın məhbuslar kameralarına geri qaytarılır və geyimləri kişilərin tələblərinə uyğunlaşdırılır. Bütün bu danlaqlara məhəl qoymayıb yoluna davam edən qadınlar isə arxalarınca “Qadınlıqlarına hörmət eləmirlər” tənəsini eşidirlər.
Geyimlərə qarışmaqla yetinmirlər, bəzən bəzək əşyaları da “qadağan olunmuşlar” siyahısına düşür. Bir ara boyunbağı, sırğa taxmaq qadağan olundu. Elə geyinməlisən ki, gözəgörünməz olmalısan.
“Qadınlıq dərsləri”ni korpusun nəzarətçilərindən psixoloquna qədər təkcə qadın əməkdaşlar verməyə çalışmır. Musiqiyə qulaq asanda, açıq nəfəslikdən mahnı oxuyanda, bəzən dalaşanda, ya da yüksək səslə nəsə tələb edəndə rejim əməkdaşları dərhal qadın olduğumuzu xatırladır - “Qadına yaraşmır”, “Qadın gərək özünə hörmət eləsin”.
Təcridxanada qadağan olunmuş eşq
Nəzarətçilər tez-tez dəhlizdə başlarını şaxtaya salaraq qadınları dinləyirlər ki, görsünlər kim kişi dustaqlarla danışır. Əgər əməliyyatları uğurlu keçsə, qadınları cəza gözləyir, amma kişilər bundan nəsibini almır.
Səhər iş günü başlayan kimi nəzarətçilər kişi idarəçilərə məruzə edirlər. Onlar da “Qadınsan, utanmrsan kişi ilə danışırsan?” deyə uzun-uzadı alçaldıcı tonda qadınları məzəmmət edirlər. Otaqlarında axtarış aparılır, qadınların məktublarını tapan axtarışçılar əlində məşəl tutan “Azadlıq heykəli” sayağı bir torba məktubu başlarının üstündə dalğalandırıb sevincək onu rəhbərliyə verirlər. Bu sevgi məktubları rəhbər kişi işçilərin yanında ucadan oxunur və oradakı səmimi ifadələr daha sonra nəzarətçilərin, psixoloqun timsalında məhbusların yanında danışılır, məsxərəyə qoyulur. Ardınca qadınların kameraları dəyişdirilir. Həmin vaxt kişi korpusunda sakitlik hökm sürür. Kişilər pul verib məsələni ört-basdır edirlər.
Qadın və kişi məhbus işçilərə qoyulan fərq
Qadın məhbus işçilərlə kişi işçilər arasında da fərq qoyulur. Qadın məhbus işçilər ancaq apellyasiya məhkəmələri yekunlaşandan sonra maaş almağa başlayırlar, amma kişi işçilər ilk məhkəmə instansiyaları bitən kimi rəsmi işçi kimi pullarını alırlar.
Qadın korpusuna rəisin və müavinlərinin yanaşması
Rəisin heç bir qadın müavini yoxdur. O, ümumiyyətlə qadın korpusuna baş qoşmamağı seçdiyini deyir. Səbəb kimi qadın korpusunda mübahisələrin çox olduğunu və buna qarışarsa, digər 7 korpusla maraqlana bilməyəcəyini göstərir.
Rəisin əvəzinə müavinləri tez-tez korpusda görünür. Rəis müavini Cavid Güləliyevin qəbuluna yazılıb imkanının olmadığını, qanunla ona çatmalı olan dərmanla təmin edilməsini istəyən qadın məhbus ondan bu cavabı eşitmişdi: “Üzünə baxanda kosmetik prosedurlara az pul xərcləmədiyin görünür. İmkansız görünmürsən”.
Cavid Güləliyev təkcə qadın məhbuslarla deyil, həm də təcridxananın qadın əməkdaşları ilə etikadan kənar və kobud danışır. O, təcridxananın qadın əməkdaşlarının işindən narazı qalanda korpus boyu avaz-avaz qışqıraraq onlara “cinayətkarlar” deyir. Rejim rəisinə isə tapşırır ki, qadınların yerinə “özünə hörmət edən kişi əməkdaşları” korpusa göndərsin. Daha sonra əlavə edir: “Bilirəm, hamınızın məndən zəhləsi gedir”. Heç kim bu cümləyə etiraz etmir.
Digər rəis müavini Əhəd Abdiyev də qadın korpusundan uzaq durmağa çalışır. Bu, qadın korpusunda olarkən harada olduğunu soruşan həmkarına “gəlmişəm “jenski”yə, əsəblərimi korlamağa” deyə verdiyi cavabdan da aydın olur. Rəis müavini qəbul zamanı dəhlizdən gülüşünü eşitdiyi qadınların səsini keçmiş dövrdəki qəbilə üzvlərinin çıxardığı səslərə bənzətməkdən də çəkinmir. Üstəlik o da qadınların geyimi ilə bağlı irad bildirməyi, arxalarınca “bunun geyiminə bax” deməyi tərgidə bilmir.
Qadınlar verbal zorakılıqdan əlavə, fiziki zorakılığa da məruz qalırlar. Bunu rejim rəisinin müavini Arif Heydərov edir. O, qadınlara yumruq, təpik vuraraq təhqiramiz sözlər işlədir. Haqqında yazılan şikayətlərlə bağlı nə təcridxana daxilində araşdırma aparılıb, nə də prokurorluq təhqiqat başladıb. Bu cəzasızlıq onun əl-qolunu daha da açır, zorakılıq hərəkətlərini artırır.
Tikanlı günlərin sonundakı gül
Bütün bu alçaldıcı, qeyri-insani, zorakı davranışlardan sonra 8 Mart günü əlində qızılgüllərlə rəis müavini Əhəd Abdiyev görünür. Rəis Elnur İsmayılovun adından qızılgüllər, Ədliyyə naziri Fərid Əhmədovun müavininin adından kosmetik dəstlər qadınlara hədiyyə olunur. İl boyu tikan batırdıqları qadınlara bir gün gəlib gül verirlər. Və “dostunuz”, “qardaşınız“la başlayan təbriklər kamera-kamera dolaşır. Təcridxanadakı alçaldıcı davranışlar isə o qızılgüllər solmamış yenidən başlayır.
Elnarə Qasımova
Bakı İstintaq Təcridxanası