Daha əvvəl də valideyn zorakılığına məruz qalan körpə məhkəmə qərarı ilə ailəsinə qaytarılıbmış

Daha əvvəl də valideyn zorakılığına məruz qalan körpə məhkəmə qərarı ilə ailəsinə qaytarılıbmış
28 Avqust 2025
Mətni dəyiş

Ağdamda valideynlərinin işgəncəsinə məruz qaldığı bildirilən uşaqlardan birinin daha əvvəl də zorakı davranışlara məruz qaldığı, ailədən alınaraq uşaq evinə verildiyi, lakin sonradan məhkəmə qərarı ilə yenidən valideynlərinə qaytarıldığı məlum olub.

“Report”un məlumatına görə, 2023-cü il təvəllüdlü azyaşlı ötən il Ağdam Rayon Məhkəməsinin qərarı ilə valideynlərindən alınıb və 1 saylı Körpələr evinə yerləşdirilib. Lakin uşağın anası Sevinc Rəhimova məhkəməyə müraciət edərək övladının qaytarılmasını tələb edib. Nəsimi Rayon Məhkəməsi isə 2025-ci il iyunun 11-də çıxardığı qətnamə ilə azyaşlının anasının himayəsinə verilməsi barədə qərar qəbul edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi açıqlamasında bildirib ki, ötən il Ağdam Rayon İcra Hakimiyyətinin müraciəti əsasında uşağın zorakılığa məruz qalması ilə bağlı addımlar atılıb, lakin məhkəmə qərarı ilə körpə yenidən ailəsinə qaytarılıb.

Avqustun 27-də Ağdamın Xındırıstan kəndində iki azyaşlı uşaq (2 və 3 yaş) ağır travmalarla xəstəxanaya yerləşdirilib. TƏBİB-dən bildirilib ki, körpələrdən biri xəstəxanaya komatoz vəziyyətdə çatdırılıb: 

"Bədənin müxtəlif nahiyələrinin küt travması diaqnozu təyin edilən və zəruri tibbi xidmət göstərilən azyaşlı daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə edilib. Tibb müəssisəsinin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilən pasiyentə müştərək travma, qapalı kəllə-beyin travması, sol beyin yarımkürəsinin üzərində kəskin subdural hematoma, bədənin çoxsaylı əzilmış yaraları diaqnozları təyin edilib."
 
Qurumdan qeyd edilib ki, 2024-cü il təvəllüdlü digər azyaşlı isə hazırda profilaktik olaraq həkimlərin müşahidəsi altında saxlanılır, aidiyyəti üzrə təhvil veriləcək.

Azyaşlıları valideynlərinin döydüyü iddia olunur. Əməli törətməkdə şübhəli bilinən ataları Sadiq Rəhimov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlunun sözlərinə görə, aidiyyəti qurumlar məsələni araşdırır.

“Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi məsələni nəzarətə götürüb. Mərkəzin əməkdaşları uşaqların yanında olub, onların səhhəti ilə maraqlanırlar. İlkin məlumata görə, valideynlər uşaqların fiziki və psixi sağlamlığına zərər vuraraq onların mənəvi inkişafına da ciddi xələl yetiriblər. Bu, Ailə Məcəlləsinin 60-cı maddəsinin kobud şəkildə pozulmasıdır”, – deyə Mərdanoğlu bildirib.

O əlavə edib ki, hazırkı vəziyyət valideynlərin məsuliyyətə cəlb olunması və Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilməsi ilə nəticələnə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun