Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edilib

Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Rusiya vətəndaşlığından məhrum edilib
20 Avqust 2025
Mətni dəyiş

Azərbaycanlı iş adamı və Çelyabinsk vilayətindəki Azərbaycan diasporunun rəhbəri Ərşad Xankişiyev Rusiya vətəndaşlığından məhrum edilib.

FSB-nin qərarı ilə Ərşad Xankișiyevin pasportu ləğv olunub, Rusiyaya girişinə qadağa qoyulub, “Haqqin .az” rus mənbələrinə istinadla yazır.

Bildirilir ki, hüquq-mühafizə orqanlarının versiyasına görə, Xankişiyev “etnoseparatizmin təbliğatı və Aleksey Navalnının tərəfdarlarını dəstəkləməkdə” ittiham olunur.

Bu məlumatlar hələ ki, rəsmi təsdiqini tapmayıb.

Xankișiyev tərəvəz və meyvə ticarəti ilə məşğul olan şirkətlərin təsisçisi, restoran sahibi, “Fruktdom” MMC, “Frut-Xauz” MMC, “Nar Şərab” MMC və “Xəzər” MMC-nin təsisçisi və sahibidir. O, həmçinin əvvəllər Çelyabinsk vilayəti “Azərbaycan” sosial-hüquqi ictimai təşkilatının prezidenti və “Çelyabinsk vilayətinin azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının (RMMMA “Azərçel”) sədri olub. Bu barədə kontragentlərin fəaliyyətinin yoxlanmasına həsr edilmiş “Rusprofil” saytında məlumat verilir.

Məlumatlara görə, Çelyabinsk vilayəti “Azərbaycan” sosial-hüquqi ictimai təşkilatı 22 mayda məhkəmə qərarı ilə ləğv edilib, 2024-cü il noyabrın 26-da isə “Azərçel” təşkilatı da bağlanıb.

Azərbaycan və Rusiya arasında münasibətlərin gərginləşməsi AZAL təyyarəsinin 2024-cü ilin dekabrında qəzaya uğramasından sonra başlayıb.

Daha sonra Yekaterinburqda keçirilən xüsusi əməliyyat zamanı azərbaycanlı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının ölümü ilə bu gərginlik daha da artıb. Bundan sonra Bakıda “Sputnik Azərbaycan”ın rəhbərliyi “FSB-yə işləməkdə” ittiham edilərək saxlanılıb. Bundan əlavə, daha 11 Rusiya vətəndaşı narkotik alveri və kibercinayətkarlıq ittihamı ilə həbs olunub.

“Kavkazskiy uzel”in yazdığına görə, Rusiyanın müxtəlif bölgələrində hüquq-mühafizə orqanlarının etnik azərbaycanlılara, o cümlədən Rusiya vətəndaşlığı olanlara qarşı iradları yaranıb. 

Eyni zamanda, Azərbaycanda yaşayan Rusiya vətəndaşları və turistlər də güc strukturlarının onlara müraciət etməsindən və miqrasiya xidmətlərinə çağırılmalarından şikayətləniblər. 

İyulun 4-də məlum olub ki, Rusiya hakimiyyəti Moskva vilayətinin azərbaycanlılarının regional milli-mədəni muxtariyyətinin rəhbəri Elşən İbrahimovu da Rusiya vətəndaşlığından məhrum edib. 
Onun vəkilinin sözlərinə görə, bu qərar Uraldakı hadisələr və Bakı ilə Moskva arasında yaranmış diplomatik böhranla bağlı deyil. İyulun 9-da İbrahimov Rusiyanı tərk edib.

Avqustun 2-də isə Moskvada Ural bölgəsindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb. Onun oğlu Mütəvəlli Şıxlinski isə iyulun 16-da Yekaterinburqda həbs olunmuşdu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun