Bakı İstintaq Təcridxanasında saxlanılan məhbus Daşqinə Əfəndiyeva təcridxana rəhbərliyinin və nəzarətçilərin onu ağır şəkildə döydüyünü iddia edir.
Əfəndiyeva bu barədə “Abzas Media”ya göndərdiyi məktubunda yazıb. Onun sözlərinə görə, hadisə avqustun 14-də, bişirdiyi halvadan digər kameralara paylamaq istədiyi zaman baş verib.
Məhbus bildirir ki, halvadan paylamağa icazə verilmədikdə nəzarətçi Cahan İbrahimli ilə arasında mübahisə yaranıb:
“Halvanı paylaması üçün Elnarə adlı məhbus işçini çağırdım, amma məşğul imiş. Cahan İbrahimlidən xahiş etdim. Cavabında “halvaya icazə yoxdur” dedi. Ona dedim ki, bir neçə gün əvvəl bizim də kameraya digər kameradan halva gəlmişdi. Xahiş etdim ki, bizimkini də 42, 43, 45-ci kameralara çatdırsın. 43-cü kameraya verdi. 42 ilə 45-ci kameraya çatanda dedi: “45-ə verirəm, 42 qalacaq”. Mən də dedim, onda heç birinə verməsin. “Depenka”nı(red.: rəisin növbətçi nəzarətçisi) çağırmağımı tələb etdim. Cahan “yox, olmaz” deyə qışqırdı. Mən də ehsanı çatdırmadığına görə insan olmadığını dedim. Bunu deyəndə Cahan nəfəsliyi üzümə bağladı və söyüş söydü. Mən də cavabında onu söydüm. O isə mənim nəslimə söydü”.
Əfəndiyeva iddia edir ki, bundan sonra hadisə yerinə rejim rəisi Vahid Atakişiyev və digər nəzarətçilər gəlib, məsələnin həllini sabaha saxlayıblar. Ertəsi gün isə onu rejim rəisinin müavini Arif Heydərovun qəbuluna aparıblar:
“Arif müəllim məni məcbur etməyə başladı ki, Cahandan üzr istəyim. Mən dedim, mən onun özünə söymüşəm, o isə mənim nəslimə söyüb, üzr istəməyəcəm. Bunu deyəndə Arif müəllim məni təhqir etdi və rəis müavini Ceyhun Hacıyevin qəbuluna apardı. Cahan da orada idi. Dedilər ki, cinayət işimin üstünə əlavə maddə qoyacaqlar. “Cahandan üzr istəsən, söhbət bağlanar”, – dedilər. Mən yox deyəndə Arif müəllim “sən nə dikbaşlıq edirsən?” – deyə qışqırdı və üstümə gəldi. Məni döyməyə başladı. Saçımdan tutub ağzıma yumruq vurdu, yerə yıxdı, sürüdü. Mən qışqırdım. Baş nəzarətçi Günel Novruzova da orada idi, amma heç nə edə bilmədi. Ceyhun müəllim də onu dayandırmaq istədi, amma saçımı buraxmırdı. Mən “şikayət edəcəm” deyəndə hədələdilər ki, işimin üstünə iş qoyacaqlar”.
Əfəndiyeva məktubunda yazır ki, bir qədər sonra hadisə yerinə rəis müavini Əhəd Abdıyev gəlib:
“Ona dedim ki, məni döyüblər. O isə cavabında dedi ki, üzr istəsəm, söhbət bağlanacaq. Şikayət edəcəyimi deyəndə isə hədələdi ki, mənim ucbatımdan bütün “qarmoşka”lar (red.: nəfəslik) bağlanacaq, heç kimə açıq görüş verilməyəcək. Sonra məni “kars”a (red.: cərimə kamerası) saldılar. 3 saat orada saxladılar. Sonra yenidən Əhəd müəllimin yanına apardılar. Mənə dedi ki, gedib kameranda sakit otur”.
Əfəndiyeva aldığı zərbələrdən sonra səhhətinin pisləşdiyini də qeyd edib:
“Mədə xəstəliyindən əziyyət çəkirəm, öd kisəmdə daş var. Təpik zərbələrindən sonra ağrılarım çoxaldı. Dodağımın alt və üst tərəfi partladı”, – deyə yazır.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyindən və Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.