Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb

Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni paraflanıb Foto: Prezident.az
9 Avqust 2025
Mətni dəyiş

Avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması mərasimi keçirilib.

Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunmasını özündə əks etdirir.

Ağ Evdə keçirilən mərasimdə ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, Ermənistan və Azərbaycan hərbi qarşıdurmadan imtina və diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.

Tramp Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşün yekununda “Onlar 35 il müharibə apardılar. İndi isə dostdurlar”, – deyə bildirib.

Razılaşmaya əsasən, ABŞ Azərbaycana qarşı hərbi əməkdaşlıq məhdudiyyətlərini aradan qaldırır və hər iki ölkə ilə enerji, ticarət və süni intellektin inkişafı sahələrində əməkdaşlıq planlaşdırır.

Sazişə görə, Ermənistan ərazisindən keçən “Zəngəzur dəhlizi”nin bir hissəsi 99 illiyə Amerika şirkətinə verilir. Tranzit yol “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (Trump Route for International Peace and Prosperity, TRIPP) adlanacaq.

“Reuters”in məlumatına görə, sülh müqaviləsi tərəflər arasında onilliklər davam edən münaqişədən sonra iqtisadi əlaqələrin möhkəmləndirilməsini, ABŞ ilə enerji, texnologiya, ticarət, infrastruktur və sərhəd təhlükəsizliyi sahələrində ayrıca sazişlərin imzalanmasını, həmçinin 1992-ci ildən bəri münaqişənin həllinə vasitəçilik edən ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı sənədlərin qəbulunu nəzərdə tutur.

Ermənistanın Baş naziri və Azərbaycanın Prezidenti ABŞ ilə imzaladıqları sənədlərdə “Cənubi Qafqaz regionunun potensialını tam açmaq üçün iqtisadi imkanlardan birgə istifadə” öhdəliyi götürüblər.

Paşinyan və Əliyev Trampın Nobel Sülh Mükafatına namizəd göstərilməsini də təklif ediblər.

Tramp hələ 2024-cü ilin oktyabrında seçkilər öncəsi “Truth Social” şəbəkəsindəki paylaşımında rəqibi Kamala Harrisi “120 min erməni xristianına qarşı dəhşətli təqiblər və zorakı köçürülmə zamanı heç nə etməməkdə” ittiham etmiş, zorakılıq və etnik təmizləmələrin dayandırılması, Ermənistan və Azərbaycan arasında sülhün bərpası üçün çalışacağını bildirmişdi.
 

***

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair

BİRGƏ BƏYANNAMƏ

Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:

1. Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;

2. Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;

3. Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;

4. Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;

5. Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;

6. Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;

7. Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.

Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır.

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

                              Nikol PAŞİNYAN

                              Ermənistan Respublikasının

                              Baş naziri

 

 

Şahidlik etdi:

 

Donald Tramp

Amerika Birləşmiş Ştatlarının Prezidenti

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun