Ailəsi həbsdə olan AXCP üzvündən 5 gündür xəbər almadığını deyir

Ailəsi həbsdə olan AXCP üzvündən 5 gündür xəbər almadığını deyir
4 Avqust 2025
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan üzvü Sahib Məmmədzadədən 5 gündür xəbər yoxdur. Bu barədə onun yaxınları məlumat verib. 

Bildirilir ki, AXCP Daşkəsən rayon şöbəsinin sədri Sahib Məmmədzadə 5 gün əvvəl Umbakı həbsxanasından naməlum istiqamətə aparılıb. 

Yaxınlarının sözlərinə görə, Məmmədzadənin şəkərli diabetdən əziyyət çəkən atası və ürək əməliyyatı keçirmiş anası baş verənlərdən ciddi narahatdırlar. 

“Biz ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən tələb edirik ki, qardaşımın harada saxlanıldığı barədə dərhal məlumat verilsin və onun ailəsi ilə telefon əlaqəsi təmin olunsun. Mən beynəlxalq qurumlara da üz tuturam: bizə kömək edin!”, – Məmmədzadənin bacısı deyib.

Penitensiar Xidmətin məsələyə münasibəti hələlik məlum deyil. 

Sahib Məmmədzadə 2024-cü il martın 18-də saxlanılıb və narkotik ittihamı ilə həbs olunub.  Həmin ilin dekabrında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə ona 6 il 6 ay həbs cəzası verilib. Bu ilin martında apellyasiya məhkəməsi cəzanı 3 il 6 aya endirib.

AXCP üzvü özünü təqsirli hesab etmir. 

Xoşbulaq kənd sakini olan Sahib Məmmədzadə bundan əvvəl də polis təqibinə məruz qalıb. Ən son 2023-cü ildə Xoşbulaq sakinləri pay torpaqlarının ədalətsiz bölgüsünə etiraz edəndə Sahib Məmmədzadə rayon polis şöbəsinə çağırılıb.

AXCP bildirir ki, hazırda partiyanın 20-yə yaxın üzvü müxtəlif ittihamlarla həbsdədir. Onlar siyasi baxışlarına görə təqib edildiklərini bildirirlər, hökumət isə israrla ölkədə siyasi məhbusların olmadığını vurğulayır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun