“Abzas Media işi”: “Deputat atasının sayəsində hakim olan biri öz iradəsilə qərarlar qəbul edə bilməz”

“Abzas Media işi”: “Deputat atasının sayəsində hakim olan biri öz iradəsilə qərarlar qəbul edə bilməz”
26 Avqust 2025
Mətni dəyiş

Avqustun 26-da “Abzas Media işi” üzrə növbəti apellyasiya məhkəməsi keçirilib.

Hakim Zəfər Əhmədovun sədrliyilə keçirilən iclasda təqsirləndirilən şəxslər əvvəlcə hakim heyətinin tərkibinə etiraz ediblər. 

Bununla bağlı çıxış edən “Abzas Media”nın baş redaktoru Sevinc Vaqifqızı bildirib ki, Zəfər Əhmədov bu yaxınlarda prokurorluq sıralarından xaric edilib, amma sonradan müəmmalı şəkildə Apellyasiya Məhkəməsinə hakim təyin edilib.

“Zəfər Əhmədov atası, keçmiş millət vəkili Vahid Əhmədovun sayəsində bu vəzifəyə gəlib. O, öz iradəsilə qərarlar qəbul edə bilməz. Yalnız ona verilən göstərişləri yerinə yetirər. Ona görə də bu hakim heyətinin tərkibinə etiraz edirik”.

Araşdırmaçı jurnalist Hafiz Babalı da bildirib ki, o, bu etirazın özünə etiraz edir, çünki məhkəməyə sədrlik edən şəxslərin əsl hakim olduqlarına inanmır.

Hakim heyəti vəsatəti rədd edib və məhkəmə eyni tərkibdə davam edib. 

Daha sonra müdafiə tərəfinin vəkilləri vəsatətlərlə çıxış ediblər və müvəkkillərinə bəraət verilməsini xahiş ediblər.

Vəkillərlə birlikdə təqsirləndirilən şəxslər də çıxış ediblər. Onlar Ağır Cinayətlər Məhkəməsində olduğu kimi burada da həbslərinin siyasi xarakter daşıdığını və peşə fəaliyyətlərinə, apardıqları korrupsiya araşdırmalarına görə həbs edildiklərini vurğulayıblar.

Nəşrin direktoru Ülvi Həsənli bildirib ki, birinci instansiya məhkəməsində olduğu kimi bu məhkəmədən də heç bir ədalətli qərar gözləmirlər.

Azərbaycan prezidenti İlham Əliyev və yaxın ətrafı ilə bağlı silsilə korrupsiya araşdırmaları aparan "Abzas Media"nın əməkdaşları 2023-cü ilin noyabrında başlayan cinayət işi üzrə saxlanılıblar. 

2024-cü ilin mayında "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də bu iş çərçivəsində həbs edilib.

Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər.

İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun