“Abzas Media”nın direktoru Ülvi Həsənli aclıq aksiyasını dayandırıb

“Abzas Media”nın direktoru Ülvi Həsənli aclıq aksiyasını dayandırıb
5 Avqust 2025
Mətni dəyiş

“Abzas Media”nın həbsdə olan direktoru Ülvi Həsənli 17 gündür davam etdirdiyi aclıq aksiyasını dayandırıb.

Bu barədə “Abzas Media”ya onun yaxınları məlumat verib. 

Onların sözlərinə görə, Həsənli ailəsinin və yaxınlarının onun üçün narahat olduğunu, sağlamlıqlarına zərər dəyə biləcəyini nəzərə alaraq bu qərarı verib. 

Yaxınları bildirir ki, jurnalistin aksiyanı dayandırmasına “Abzas Media işi” üzrə apellyasiya məhkəməsinin vaxtının təyin edilməsi də səbəb olub. 

Belə ki, bu iş üzrə apellyasiya məhkəməsinin baxış iclası avqustun 12-nə təyin olunub.

Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürüldüyünə görə aclığa başlayan Ülvi Həsənli bu müəssisədə ona körpə qızı və həyat yoldaşı ilə açıq görüşə icazə verilmədiyini, həmçinin məsafə çox uzaq olduğuna görə, ailəsi və vəkillərinin oraya gəlməkdə çətinlik çəkdiyini bildirmişdi. O, Bakı İstintaq Təcridxanasına qaytarılmasını tələb edirdi. Vəkillərin bu istiqamətdə məhkəmələrə müraciətləri isə nəticəsiz qalıb.

Aclığı dayandırdıqdan sonra Həsənli bildirib ki, məsələnin hüquqi yolla həll olunacağına ümid edir.

Aclıq müddətində Ülvi Həsənlinin çəkisi 15 kiloqram azalıb. O, havalandırması olmayan cərimə kamerasında saxlanılırdı. Ailəsi onun çox halsız olduğunu, həkim nəzarətindən məhrum qaldığını bildirirdi.

Ülvi Həsənliyə dəstək olaraq “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı və jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova da iyulun 22-dən aclıq aksiyasına qoşulmuşdular. Lakin iyulun 28-də ailə üzvlərinin səhhətində yaranan problemləri nəzərə alaraq aksiyanı dayandırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun