Zaxarova: "Ukrayna Rusiya ilə Azərbaycan arasında milli zəmində nifrəti qızışdırmaq istəyir”

Zaxarova: "Ukrayna Rusiya ilə Azərbaycan arasında milli zəmində nifrəti qızışdırmaq istəyir”
30 İyul 2025
Mətni dəyiş

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova iyulun 30-da Azərbaycanla bağlı bir sıra açıqlamalar verib.

O, Ukraynanın Rusiya ilə Azərbaycan arasında milli zəmində nifrəti qızışdırmaq cəhdlərindən danışıb, həmçinin NATO ilə əlaqələr mövzusunda Azərbaycan və Ermənistana xəbərdarlıq edib.

TASS-ın məlumatına görə, Zaxarova deyib ki, Ukraynanın Rusiyadan qaçmış şəxslərdən ödəniş qarşılığında istifadə etməklə diversiya hücumları həyata keçirmək planları var.

“Bizdə olan məlumata görə, Ukrayna Təhlükəsizlik Xidməti hazırkı dövrdə Rusiya-Azərbaycan arasında mövcud ziddiyyətlərdən istifadə edərək milli zəmində nifrət və düşmənçiliyi qızışdırmaq niyyətindədir. Xüsusilə, biz ödəniş qarşılığında Rusiyadan qaçmış vətəndaşların Rusiya bayrağı altında Azərbaycan vətəndaşlarına, nümayəndəliklərinə və mədəniyyət obyektlərinə qarşı diversiya aktları həyata keçirmək planlarından xəbərdarıq,” – diplomat brifinqdə bildirib.

“Plan belədir ki, bu cür təxribatlar uğurla baş tutacağı təqdirdə Azərbaycan, Türkiyə və Avropa media məkanında guya Rusiya təcavüzü ilə bağlı dezinformasiyalar geniş şəkildə yayılsın.”

Rusiya XİN sözçüsü həm də NATO ilə bağlı məsələlərə də toxunub.

O bildirib ki, NATO Cənubi Qafqazda mövqelərini möhkəmləndirməyə çalışaraq regionun potensialından Rusiyaya qarşı geosiyasi qarşıdurmada istifadə etmək niyyətindədir.

“NATO bütövlükdə blok kimi və onun ayrı-ayrı üzv dövlətləri birinci il deyil ki, Cənubi Qafqazda möhkəmlənməyə və ya orada necəsə dayaqlar əldə etməyə çalışırlar. Alyansın məqsədi nədir? Məncə, bu aydındır. Region ölkələrinin potensialından və resurslarından kollektiv Qərbin maraqları üçün istifadə etmək, xüsusilə də ölkəmizə qarşı geosiyasi qarşıdurma çərçivəsində.”

Zaxarova qeyd edib ki, Qərb postsovet məkanında heç bir bərabərhüquqlu münasibətə ehtiyac duymur:

“Qərbin istədiyi resursları ələ keçirmək, ölkələri bir-birinə qarşı qoymaq, hər yeri alovlandırmaq və özlərini tipik müstəmləkəçilər, əsarətçilər, imperialistlər kimi aparmaqdır”.

Rusiya XİN-in rəsmi nümayəndəsi, həmçinin ümidini ifadə edib ki, region ölkələri, o cümlədən Azərbaycan və Ermənistan, NATO ilə əməkdaşlığın dərinləşdirilməsi zamanı vəziyyətin gərginləşməsi ilə bağlı bütün mövcud riskləri anlayacaqlar. “

“Hamıya yaxşı məlumdur ki, bu nə ilə nəticələnir. Şimali Atlantika Alyansı harada peyda olursa, orada qarşıdurma formalaşır, hərbi gərginlik artır, “sülh” və “sabitlik” kimi sözlər unudulur,” - Zaxarova qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun