Xameneinin müşaviri: “Zəngəzur dəhlizi ABŞ və İsrailin İranın milli təhlükəsizliyini pozmaq planıdır”

Xameneinin müşaviri: “Zəngəzur dəhlizi ABŞ və İsrailin İranın milli təhlükəsizliyini pozmaq planıdır”
30 İyul 2025
Mətni dəyiş

İranın Ali Lideri Əli Xameneinin müşaviri “Zəngəzur dəhlizi”ni İranın milli təhlükəsizliyini və strateji əlaqələrini sarsıtmaq üçün “ABŞ və İsrailin planı” adlandırıb.

Əli Əkbər Vilayəti bu sözləri Tehranda, azərbaycanlıların sıx yaşadığı Ərdəbildə fəaliyyət göstərmiş XIV əsr sufi şeyxi Səfiəddin Ərdəbilini anma mərasimində çıxışı zamanı deyib.

“OC Media”nın yazdığına görə, Vilayəti çıxışına “Azərbaycanın cəsur və mədəni xalqına salamlarını” çatdırmaqla başlayıb, daha sonra isə İranın ABŞ və İsraillə mübarizəsindən və ölkədəki etnik birlikdən danışıb.

O, Azərbaycanın (yəqin ki, İranın şimal-qərbindəki Azərbaycan bölgəsini nəzərdə tutur) həmişə ərazi bütövlüyünü, müstəqilliyi və İslam İnqilabının dəyərlərini müdafiə etdiyini bildirib.

“İranın düşmənləri, xüsusilə də qlobal sionizm və ABŞ, bu tarixi birlikdən və strateji mədəni dərinlikdən narahatdırlar”, - o deyib.

“Onlar milli təhlükəsizliyimizə zərər vurmaq üçün bu kimliyin əsaslarını sarsıtmağa daim cəhd ediblər”, Vilayəti qeyd edib.

Vilayəti əlavə edib ki, bu kontekstdə “Zəngəzur dəhlizi” kimi planlar daha geniş geosiyasi layihələr üçün örtükdür.

O, dəhlizin əsas məqsədinin “İranın Qafqazla əlaqəsini kəsmək və bölgənin cənubunda İran və Rusiyaya quru blokadası tətbiq etmək” olduğunu bildirib.

Vilayəti layihənin ABŞ-ın “təzyiqi Ukraynadan Qafqaza keçirmək” strategiyasının bir hissəsi olduğunu, həmçinin NATO və “bəzi pantürkist hərəkatlar” tərəfindən dəstəkləndiyini iddia edib.

“İran bu addımlara başlanğıcdan bəri açıq və qəti şəkildə qarşı çıxıb, hətta milli təhlükəsizliyin bizim qırmızı xəttimiz olduğunu göstərmək üçün sərhədlərə qüvvələr yerləşdirib və çəkindirici təlimlər keçirib”, - deyə o bildirib.

Vilayəti çıxışının sonunda “düşmənin guya iqtisadi, amma əslində separatçı layihələr pərdəsi altında İranın geosiyasi dərinliyinə sızmağa çalışdığını” vurğulayıb.

Son aylarda Ermənistan və Azərbaycan sülh danışıqlarının fonunda Azərbaycanla Naxçıvan arasında yolun açılması məsələsinə dair müzakirələr intensivləşib.

Bir müddət əvvəl ABŞ-ın Türkiyədəki səfiri Tom Barrack demişdi ki, Vaşinqton "Zəngəzur dəhlizi"nin idarə olunmasını yüzillik icarə əsasında ABŞ-nin özəl şirkətinə həvalə etməyə hazır olduğunu rəsmi şəkildə Yerevan və Bakıya bildirib.

Daha sonra Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan bir deputat Ermənistanın belə təklifi rədd etdiyini, bunun “suverenliyin güzəştə gedilməsi” ilə bağlı narahatlıqlardan qaynaqlandığını bildirmişdi.

Azərbaycan Prezidenti İlham Əliyev isə üçüncü ölkənin yola nəzarət etməsinə razı olmayacağını və yoldan istifadə edən Azərbaycan vətəndaşlarının Ermənistan sərhədçilərini görməməli olduğunu söyləmişdi.

Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistan “kimlərin ərazisinə daxil olduğunu” bilməlidir, əks halda “idarəolunmaz qaçaqmalçılıq və insan alveri mənbəyi yarana bilər”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun