Bir qrup vətəndaş cəmiyyəti fəalı, jurnalist və hüquq müdafiəçisi həbsdə olan media eksperti və hüquqşünas Ələsgər Məmmədlinin səhhətinin kritik vəziyyətdə olması ilə bağlı prezident İlham Əliyevə müraciət edib.
“Toplum TV”nin yazdığına görə, müraciətdə qeyd olunub ki, Xətai Rayon Məhkəməsinin 2024-cü il 9 mart tarixli qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilmiş Ələsgər Məmmədlinin sağlamlıq durumu son vaxtlar daha da ağırlaşıb.
“Tibbi müayinələr nəticəsində qalxanvari vəzidə 23 mm ölçüdə TIRADS III düyün (50–75% xərçəng riski), qaraciyər, böyrək və pankreasda ciddi problemlər, həmçinin prostat vəzində kalsinatlar müəyyən edilib. Tibbi protokola əsasən, qalxanvari vəzidə 15 mm-dən böyük düyün əməliyyat zərurəti yaradır”, – müraciətdə bildirilib.
Həmçinin vurğulanıb ki, Ələsgər Məmmədlidə kəskin boğulma, fasiləsiz baş ağrısı, başgicəllənmə və ürəkbulanma kimi simptomlar artmaqda davam edir və bu, onun həyatı üçün real təhlükə yaradır.
Müraciət müəllifləri, Milli Mətbuatın 150 illiyinin qeyd edildiyi dövrdə media hüquqları sahəsində tanınmış ekspert olan Ələsgər Məmmədliyə xüsusi yanaşma göstəriləcəyinə ümid etdiklərini ifadə ediblər.
Müraciəti imzalayanlar arasında tanınmış hüquqşünaslar, jurnalistlər və hüquq müdafiəçiləri yer alıb:
· Qulu Məhərrəmli, jurnalist, BDU-nun professoru
· Əliməmməd Nuriyev, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti
· Osman Gündüz, "Multimedia" Mərkəzinin direktoru
· Mehman Əliyev, jurnalist
· Arif Əliyev, “Yeni Nəsil” Jurnalistlər İttifaqının sədri
· Sabit Bağırov, Sahibkarlığa Yardım Fondunun prezidenti
· Adil Qeybulla, tibb elmləri doktoru, ATU-nun professoru
· Novella Cəfəroğlu, hüquq müdafiəçisi
· Səadət Bənənyarlı, hüquq müdafiəçisi
· Səidə Qocamanlı, hüquq müdafiəçisi
· Aslan İsmayılov, hüquqşünas
· Mirəli Hüseynov, hüquq müdafiəçisi
Müraciətdə prezident İlham Əliyevdən Ələsgər Məmmədlinin ixtisaslaşmış klinikada cərrahi əməliyyat olunması üçün hüquqi imkanların yaradılması xahiş olunub.
Media hüququ üzrə ekspert və “Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədlini 2024-cü il martın 8-də Bakıda, bir klinikadan çıxarkən mülki geyimli şəxslər saxlayıb.
Məmmədliyə qarşı valyuta qaçaqmalçılığı, qanunsuz sahibkarlıq, vergidən yayınma və çirkli pulların yuyulması kimi ağır maliyyə cinayətləri ilə bağlı ittihamlar irəli sürülüb. Lakin o, bütün bu ittihamları rədd edir və həbsi siyasi motivli hesab edir.