Ukrayna Rusiyanın Bakı ilə gərginlik fonunda Ermənistandakı hərbi mövcudluğunu gücləndirdiyini iddia edir

Ukrayna Rusiyanın Bakı ilə gərginlik fonunda Ermənistandakı hərbi mövcudluğunu gücləndirdiyini iddia edir Foto: Euronews
8 İyul 2025
Mətni dəyiş

Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsi (HUR) Rusiyanın Ermənistan­dakı, xüsusən də Gümrüdəki hərbi bazasında qoşunlarının sayını artırdığını iddia edib.

HUR şənbə günü Teleqramda yayımladığı məlumatda bildirib ki, Rusiya Gümrüdəki bazada xidmət etmək üçün hərbçi toplama prosesini intensivləşdirib və bunun Bakının Moskva ilə gərgin münasibətləri fonunda baş verdiyini qeyd edib.

“OC media” yazır ki, Ukrayna kəşfiyyatının iddiasına görə, Rusiya Şimali Osetiya və Adıgey də daxil olmaqla Şimali Qafqazda “əzilən xalqların nümayəndələri” arasında könüllülər axtarır.

Bundan əlavə, HUR bazar ertəsi Cənub Hərbi Dairəsinə cavabdeh rus hərbi rəsmisinin göndərdiyi iddia edilən bir mesaj yayıb. Mesajda qoşunların “təcili şəkildə” artırılması barədə göstərişin olduğu bildirilir. Bu məlumatı müstəqil mənbələrə təsdiqlətmək mümkün olmayıb.

İyun ayının sonlarından etibarən Azərbaycanla Rusiya arasında münasibətlər Yekaterinburqda azərbaycanlılara qarşı polis zorakılığı nəticəsində gərginləşib. Hər iki tərəfin ritorikasını sərtləşdirməsi fonunda bəzi rus təbliğatçıları Azərbaycanla silahlı münaqişə ehtimalını gündəmə gətiriblər.

Bu hadisələr Ermənis­tanın Rusiya ilə münasibətlərini yenidən nəzərdən keçirdiyi dövrə təsadüf edir. Son illərdə Ermənistan-Rusiya əlaqələri əhəmiyyətli dərəcədə pisləşib.

“Kreml Ermənistan­dakı hərbi mövcudluğunu qlobal təhlükəsizlik mühitini destabilizasiya etmək məqsədilə həyata keçirdiyi kompleks strategiyanın tərkib hissəsi kimi istifadə edir”, – HUR-un nümayəndəsi Andriy Yusov deyib.

Yusov əlavə edib ki, “Azərbaycanla Rusiya arasında münasibətlərin pisləşməsi ehtimal ki, əvvəlcədən hazırlanmış plan olub”, lakin o, bu iddianı əsaslandıracaq əlavə məlumat təqdim etməyib.

Eyni gün Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan birbaşa HUR-un iddialarına cavab verməsə də, bu məlumatları dolayı yolla təkzib edən açıqlama yayıb.

Son illərdə Rusiya Ermənistan­dakı qoşunlarının sayını azaldıb, sərhədçilər İrəvan hava limanı və digər sərhəd-keçid məntəqələrindən çıxarılıb. Lakin Gümrü bazasında hələ də böyük sayda rus hərbçisi qalmaqdadır. Onların dəqiq sayı məlum deyil və Ukraynaya döyüşə göndərilmələri səbəbilə azaldığı ehtimal edilir.

Gümrüdəki baza 2020-ci ildə İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanda narazılıq doğuran məsələlərdən biri olub. 2023-cü ildə bazanın qarşısında keçirilən antirusiya aksiyasında onlarla etirazçı həbs edilib. Son zamanlar isə bazada xidmət edən rus hərbçiləri və hərbi polislərin Ermənistanda yaşayan rus vətəndaşlarını qaçırmaqda ittiham edildiyi hadisələr baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun