Azərbaycanda qeyri-hökumət təşkilatları qeydiyyata alınmamış xarici maliyyə mənbələri ilə bağlanmış müqavilələr əsasında bank və digər əməliyyatlar apara bilməyəcək.
Prezident İlham Əliyev bununla bağlı "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunlara dəyişiklikləri təsdiqləyib.
Dəyişikliyə əsasən, qeydiyyatsız müqavilələrlə maliyyə vəsaiti və ya digər maddi yardım qəbul edən QHT-lər inzibati məsuliyyət daşıyacaq.
Xarici maliyyə müqavilələrini müəyyən olunmuş müddətdə qeydiyyata təqdim etməyən vəzifəli şəxslər 1500-2500 manat, hüquqi şəxslər isə 5000-7000 manat cərimələnəcək.
Qeydiyyatsız müqavilə əsasında maliyyə qəbul edən və ya xidmət göstərən vəzifəli şəxslərə 2500-5000 manat, hüquqi şəxslərə isə 8000-15000 manat cərimə tətbiq olunacaq.
Mütəxəssislər bildirir ki, bu məhdudiyyətlər hakimiyyətin QHT-lər üzərində təsirini artırmaq və onların fəaliyyətini minimuma endirmək məqsədi daşıyır.