Həbs olunduğum gün Xətai Rayon Müvəqqəti Saxlanılma Yerində bir neçə saatlığına yanıma dələduzluqda ittiham olunan bir falçı salmışdılar.
Zarafatla soruşdum ki: “Bəs mənim aqibətim necə olacaq?”
Dedi: “Səni də digər qızlar kimi həbs edəcəklər.”
Cavabında gülümsədim, amma heç nə demədim. Çünki Azərbaycanda müstəqil jurnalist olmağın sonunu bilmək üçün falçı olmağa ehtiyac yoxdur.
Bu gün Milli Mətbuat Gününün 150 illiyinin qeyd olunduğu bir vaxtda 36 müstəqil jurnalist saxta ittihamlarla, sadəcə peşə fəaliyyətini yerinə yetirdiyinə görə həbsdədir.
Daima təzyiq altında fəaliyyət göstərən müstəqil jurnalistlərə ən amansız repressiya Media haqqında irtica qanunun qəbulundan sonra başladı. İndi həbsdə olanların əksəriyyəti də bu qanuna etiraz edən, medianın başına gətirilənləri əvvəlcədən görənlər idi.
Qanunun qəbulundan sonra dövlət jurnalistləri “qaçaqmalçı” adlandıraraq həbs etdi, lakin hamıya bu həbslərin səbəbi gün kimi aydındır. Həbslər fonunda yenə də kamerasına sarılaraq qorxmadan həqiqətləri çatdıranlar oldu. Hər dəfə arxamıza baxanda sıralarımızın seyrəldiyini görür, amma həbsdə olan həmkarlarımızın yerinə də susmamağı özümüzə borc bilirdik.
“Söz azaddır!” Bu sözləri Media haqqında qanuna etiraz aksiyasında əlimə yazmışdım. Gün gəldi və mənim də növbəm çatdı. “Söz azaddır” yazdığım qoluma qandal vuruldu. Vəziyyət o yerə gəlib çatdı ki, öz məhkəməmi işıqlandırmağa jurnalist qalmamışdı deyə, məhkəməmdən xəbəri özüm yazıb mediaya ötürdüm.
Azərbaycanda müstəqil jurnalistikanın yeni tarixi dövrünün ən biabırçı repressiyası yaşanmaqdadır. Tarix boyu da belə olub. Kimlərsə daima nəyəsə inanır, onun uğrunda hər şeyə hazır olur, hətta bütün insanlığın yükünü öz üzərinə götürür və müasir Atlanta çevrilir.
Hazırda başqa-başqa kameralarda saxlanılsaq da, tarixin doğru və məğrur üzündə olmaqdan usanmayan bütün həmkarlarımı təbrik edirəm!
Ülviyyə Əli