Hüquq müdafiəçisinə ittiham aktı elan edilib

Hüquq müdafiəçisinə ittiham aktı elan edilib Foto: Amerikanın Səsi
14 İyul 2025
Mətni dəyiş

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatının icraçı direktoru, hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.

İyulun 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə Rüfət Səfərovun vəkili vəsatət qaldıraraq onun istintaq təcridxanasına daxil olarkən aparılan müayinəsi ilə bağlı sənədin təqdim edilməsini xahiş edib. Vəsatət təmin edilib.

Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, Rüfət Səfərov Novxanıda bağ satmaq qarşılığında zərərçəkəndən 60 min manatdan çox pul alıb. Lakin vədinə əməl etməyib. Buna görə zərərçəkən Natiq İmanquliyev onun qarajına gələrək mübahisə edib. Rüfət Səfərov onu yaralayıb.

Rüfət Səfərov ittihamı qəbul etməyib, bildirib ki, Novxanıdakı torpağın bir qismi zərərçəkənə satılıb. Zərərçəkən qalan 6 sotu da istəyib, lakin Səfərovun ailəsi qalan torpağı satmayıb. O, Natiq İmanquliyevi ilk dəfə dekabrın 3-də, saxlanılan gün gördüyünü bildirib.

Proses sentyabrın 8-dək təxirə salınıb.

Hüquq müdafiəçisi Rüfət Səfərov ötən il dekabrın 3-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Rüfət Səfərovun həbsindən sonra sosial media hesabında paylaşılan bəyanatında saxlanmasının səbəbini Birləşmiş Ştatlarda insan hüquqları sahəsində mükafata layiq görülməsi ilə əlaqələndirib.

Azərbaycanın hüquq müdafiə təşkilatlarının son hesabatına görə, Azərbaycanda 370-dən çox siyasi məhbus var. Siyasi məhbus kimi tanınan şəxslərin heç biri özünü təqsirli bilmir, həbslərinin tənqidi baxışları, peşə fəaliyyətləri ilə bağlı olduğunu deyir.

Azərbaycan hakimiyyəti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və insanların qanun qarşısında bərabər olduğunu bəyan edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun