Dünyanın əsas donor ölkələri 2025-ci ildə aşağı gəlirli ölkələrə ayırdıqları səhiyyə yardımlarını kəskin şəkildə azaldıb.
“Euronews” yazır ki, bu məlumat ABŞ-nin Səhiyyə Ölçmələri və Qiymətləndirmə İnstitutunun (IHME) yeni hesabatında yer alıb. Hesabata əsasən, bu, son 15 ilin ən aşağı göstəricisidir.
COVID-19 pandemiyasından sonra beynəlxalq səhiyyə xərcləri azalmağa başlamışdı, lakin 2025-ci ildə bu azalma sürətlənib. Hesabata əsasən, 2021-ci ildə kasıb ölkələrə səhiyyə yardımı rekord həddə - 80,3 milyard dollara çatmışdı. Lakin sonradan bu rəqəm tədricən azalıb. 2025-ci ildə qlobal səhiyyə yardımı 38,4 milyard dollara enib ki, bu da 2009-cu ildən bəri ən aşağı göstəricidir.
Tədqiqatçılar tendensiyanın davam edəcəyi təqdirdə, 2030-cu ilədək yardımların daha 8 faiz azalaraq təxminən 36 milyard dollara düşəcəyini proqnozlaşdırır.
IHME araşdırmasının baş müəllifi, professor Angela Apeaqeyin sözlərinə görə, bu kəskin və gözlənilməz azalmalar son illərdə QİÇS, malyariya və vərəm kimi xəstəliklərlə mübarizədə əldə olunan nailiyyətləri təhlükə altına qoya bilər. Bundan başqa, aşağı gəlirli ölkələrdə doğum xidməti və uşaq sağlamlığına çıxış çətinləşə, içməli su və ərzaq təhlükəsizliyi ilə bağlı problemlər dərinləşə bilər.
Ən çox zərbə alan bölgənin isə Afrika-Saharaaltı olacağı bildirilir. Burada yardımlar ötən illə müqayisədə 25 faiz azalıb və növbəti beş ildə daha 7 faiz azalma gözlənilir.
Səhiyyə yardımlarındakı ümumi azalmanın əsas səbəbi böyük donor ölkələrin, xüsusilə də ABŞ-nin büdcə kəsintiləri ilə bağlıdır. ABŞ uzun illər qlobal səhiyyə sahəsində əsas donor olub. Amma hesabat göstərir ki, bu il ABŞ xarici yardımlarını 2024-cü illə müqayisədə 67 faiz azaldacaq.
Azalmalara ABŞ-nin USAID və QİÇS-lə Mübarizə üzrə Prezident Fövqəladə Planı (PEPFAR) üçün ayrılmış vəsaitlərin ləğvi, həmçinin ötən ay elan olunan Gavi vaksin paylaşımı proqramına ayrılan vəsaitlərin kəsilməsi də daxildir.
Hesabatda qeyd olunur ki, Böyük Britaniya və Almaniya da 2025-ci ildə səhiyyə yardımını azaltmaqla vəsaitləri müdafiə sahəsinə yönəldib. Fransa isə vəsaitlərin səmərəli istifadə olunmaması ilə bağlı daxili narahatlıqları səbəbilə qlobal səhiyyə yardımını azaldıb.
Bununla belə, bütün zəngin ölkələr yardımı kəsmir. Bu il Avstraliya, Yaponiya və Cənubi Koreya səhiyyə yardımlarını bir qədər artırıb. Kanada, Çin və Birləşmiş Ərəb Əmirlikləri isə yardımlarını sabit saxlayıb.
Lakin tədqiqatçılar hesab edir ki, bəzi ölkələrin xərcləmələrindəki bu artımlar yaranmış böyük boşluğu doldurmağa kifayət etməyəcək.