Ermənistan ABŞ-nin Azərbaycanı Naxçıvanla birləşdirəcək yolun idarəçiliyini götürəcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.
Rəsmi açıqlama ABŞ-nin Türkiyədəki səfiri Tom Barrakın “ABŞ bu yolu icarəyə götürə bilər” yönündəki qeyri-rəsmi açıqlamasından sonra verilib.
Səfir Barrak iyulun 12-də keçirdiyi mətbuat konfransında məsələni ehtimal xarakterli bir həll variantı kimi təqdim edib:
“Belə ola bilər ki, Amerika gəlib desin: ‘Yaxşı, biz götürək. Bizə o 32 kilometrlik yolu yüz illik icarəyə verin, hamınız istifadə edin’”.
Səfir, həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan on ildir “32 kilometrlik yol” üstündə mübahisə aparırlar.
“OC Media” yazır ki, səfirin açıqlaması ictimai müzakirələrə səbəb olduqdan sonra, iyulun 15-də Ermənistan hökuməti yayılan iddiaları rəsmən təkzib edib.
Baş nazir Nikol Paşinyanın sözçüsü Nazeli Baqdasaryan “Armenpress” dövlət agentliyinə açıqlamasında bildirib ki, Ermənistan regional kommunikasiyaların açılması məsələsini yalnız “suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyası çərçivəsində” müzakirə edir.
“Biz başqa heç bir məntiqi qəbul edə bilmərik,” – Baqdasaryan vurğulayıb.
O, həmçinin bildirib ki, Ermənistan qanunvericiliyinə əsasən, torpaqlar yalnız kənd təsərrüfatı məqsədilə icarəyə verilə bilər. Bu səbəbdən, ABŞ səfirinin təklif etdiyi variant “qanunla mümkünsüzdür”.
Rəsmi Yerevanın nümayəndəsi əlavə edib ki, Ermənistan suveren ərazisinin idarəçiliyinin hər hansı üçüncü tərəfə verilməsini nə müzakirə edib, nə də belə bir məsələnin gündəmdə olduğunu təsdiqləyir.
ABŞ səfirinin açıqlamasına aydınlıq gətirilməsi üçün “OC Media” ABŞ-nin Ankaradakı səfirliyi ilə əlaqə saxlayıb, lakin cavab ala bilməyib.
Birləşmiş Ştatların Azərbaycanla Naxçıvan arasında yolun açılmasına yardımçı ola biləcəyi ilə bağlı məlumatlar iyulun əvvəlindən gündəmdə idi. Analitik Olesya Vartanyanın “Carnegie Russia-Eurasia” Mərkəzində yayımladığı məqaləsində Vaşinqtonun bu prosesdə rol almaq təşəbbüsü irəli sürdüyü qeyd olunmuşdu.
Daha sonra erməni jurnalist Tatul Akopyan ABŞ-nin yolun nəzarətini ələ alıb, sonradan onu bir “Amerika-Erməni təşkilatına” təhvil verə biləcəyini iddia edib. Onun sözlərinə görə, bu təklifi Baş nazir Paşinyan təsdiqləyib və ilkin razılıq əldə olunub.
Sözügedən məsələ iyulun 10-da Əbu-Dabidə Ermənistan və Azərbaycan liderləri arasında keçirilən ikitərəfli görüşdə də müzakirə olunub. Görüşdən sonra Azərbaycanın hökumətyönlü “APA” agentliyi tərəflər arasında danışıqların “çox konstruktiv atmosferdə” keçdiyini və yol layihəsinin də müzakirə olunduğunu yazıb.
Ermənistan və Azərbaycan martın 13-də sülh sazişinin mətninə dair danışıqları yekunlaşdırıb və razılığa gəldiklərini bəyan etsələr də, Bakı sənədi imzalamadan öncə bəzi əlavə şərtlər, o cümlədən, yolun açılmasını tələb edir.