"Epi"nin söylədiyi repə görə saxlanıldığı deyilir: İfadə azadlığı, yoxsa xırda xuliqanlıq?

"Epi"nin söylədiyi repə görə saxlanıldığı deyilir: İfadə azadlığı, yoxsa xırda xuliqanlıq?
16 İyul 2025
Mətni dəyiş

"Epi" ləqəbli reper Əkbər Novruzlu iyulun 16-da saxlanılıb.
 
Hökumətyönlü mediada bu barədə yayılan məlumatda repçi barəsində paytaxtda açıq havada təşkil olunan tədbirdə "söyüşlə rep dediyi üçün" polisə şikayət olunduğu bildirilib. Əlavə edilib ki, o, şikayət əsasında polisə dəvət edilib və saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən açıqlamada isə "Epi" ləqəbli Əkbər Novruzlunun narkotik vasitə istifadəçisi olduğuna görə polis əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanıldığı bildirilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə Əkbər Novruzlu 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Sosial şəbəkələrdə "Epi" ləqəbli Əkbər Novruzlunun bir neçə gün əvvəl "Paster" ləqəbli repçi ilə rep qarşıdurmasında “Bir vaxtlar diss atırdın “Paşa Bank”a, indi oturmusan qucağına “Kapital bank”ın” ifadəsinə görə saxlanıldığı iddia edilib.

Hüquqşünas Səməd Rəhimli bildirir ki, iddialar doğrudursa, bu ifadələrə görə repçinin saxlanılması məsələnin tamamilə siyasi motivli olduğunu göstərir.
 
“Repçinin bu ifadəyə görə saxlanılması Azərbaycan reallığında ağlabatandır. Bu, həm də onu göstərir ki, qoyulan məhdudiyyət siyasi motivlidir. Bunu dəfələrlə təcrübədə görmüşük. Elə Pasterin işində də, digər müxaliflərin işində də bilirik ki, dövlət orqanlarını, yaxud hakim ailəni və onların nəzarətində olan şirkətlərə münasibətdə tənqidi, iynələyici ifadələrin işlədilməsi bu cür hüquq məhdudiyyətlərinə və hüquq pozuntularının edilməsinə səbəb ola bilir”.
 
Rəhimli qeyd edir ki, şəxsin saxlanılması və barəsində potensial olaraq xırda xuliqanlığa görə inzibati tənbeh tətbiq olunması ehtimalında, bu, ifadə azadlığının məhdudlaşdırılması hesab edilməlidir.
 
Hüquqşünasın sözlərinə görə, məhdudlaşdırma əsaslıdırsa, o zaman bu, ifadə azadlığının pozuntusu sayılmır.
 
“Şəxs barəsində şikayət olduqda polisin onu saxlaması və izahatını alması özlüyündə pozuntu deyil. Ancaq izahat alındıqdan sonra onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilərsə, bu halda pozuntu meydana çıxa bilər. İnzibati tənbeh tədbiri dedikdə xırda xuliqanlıq nəzərdə tutulur. Əgər şəxsi əsassız olaraq polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə həbs etsələr, bu, açıq-aşkar pozuntu olacaq. Çünki şəxs uydurma inzibati xəta ilə həbs edilmiş olacaq”.
 
Səməd Rəhimli bildirir ki, xırda xuliqanlıq ictimai qaydanın pozuntusudur. İctimai qaydanın hansı mənaya gəldiyi, yaxud onun pozuntusunun hansı mənaya gəldiyi isə İnzibati Xətalar Məcəlləsində aydınlaşdırılmayıb. 
 
Onun sözlərinə görə, polis və məhkəmə təcrübəsində ictimai qaydanın pozuntusuna nümunə olaraq əhalinin dincliyinin nümayişkaranə şəkildə pozulması, ictimai yerlərdə ünvansız söyüşlərin söyülməsi, vətəndaşlara təhqiramiz yanaşma, sərxoş vəziyyətdə ictimai yerlərdə başqalarını təhqir etmə və sair göstərilir.

"Burada əsas məsələ repçinin ictimai yerdə təşkil edilən tədbirdə söyüşlü rep deməsi bu sadalananların təsir dairəsinə düşürmü?"- o sual edir. 
 
“Repin tərkibində söyüşlərdən istifadə olunması rep sənətinə aid bir hadisədir. Ona görə də özlüyündə xırda xuliqanlıq, yəni ictimai qaydanın pozuntusu sayıla bilməz. Digər tərəfdən, bu cür tədbir təşkil olunursa və orada rep ifa olunacaqsa, repin də xarakteristikasında söyüşlərin söyülməsi varsa, o zaman tədbirdə söyüşlü repin ifası xırda xuliqanlıq təşkil etmir”.
 
Səməd Rəhimli deyir ki, ictimai tədbirə icazə veriləndə, konkret olaraq bu cür məhdudiyyətlərin qoyulub-qoyulmaması və tədbirin təşkilatçılarının bu barədə repçiyə xəbərdarlıq edib-etməməsi aydınlaşdırılmalıdır. 
 
“Əgər bunlar edilibsə, yəni, əgər dövlət orqanları bu barədə tədbir təşkilatçılarına xəbərdarlıq edibsə, öz növbəsində də tədbir təşkilatçıları bu barədə repçiyə məlumat veriblərsə, bu halda repçi xəbərdarlıqlara əhəmiyyət verməyibsə, onun barəsində xırda xuliqanlıqla həbsxana, yaxud cərimə tətbiq olunması əsaslıdır. Amma əgər xəbərdarlıq edilməyibsə, bu şəxsin məsuliyyətə cəlb olunması əsassızdır”.

Bu, repçilərin fəaliyyəti səbəbilə hüquq-mühafizə orqanlarına çağırılması və ya saxlanması ilə bağlı ilk hal deyil.

Paster ləqəbli repçi Pərviz Quluzadə 2019-cu il dekabrın 27-də 30 sutka inzibati həbsə məhkum edilib.

DİN onun dekabrın 26-da narkotikin təsiri altında ictimai asayişi pozduğunu və polisin qanuni tələbinə tabe olmadığını bildirib.

Binəqədi Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmama maddələri ilə cəzalandırıb.

Sosial şəbəkələrdə onun “Gang” klipində “Paşa Bank”ın adını hallandırdığı üçün saxlandığı və işgəncəyə məruz qaldığı ilə bağlı iddialar yer almışdı.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun