İtaliya Senatı qadın qətllərini (femisid) ömürlük həbslə cəzalandırılan ayrıca cinayət kimi tanıyan qanun layihəsini yekdilliklə qəbul edib.
Bu qərar ölkədə gender əsaslı zorakılığa qarşı hüquqi mübarizədə mühüm dönüş nöqtəsi hesab olunur.
“Euractiv” nəşrinin yazdığına görə, yeni qanun layihəsi hələ Nümayəndələr Palatasının yekun təsdiqini gözləyir. Lakin sorğulara əsasən, bu təşəbbüs İtaliyanın Baş naziri Corcia Meloninin hökumətinin indiyədək ən geniş dəstək alan qanun layihəsidir.
Senatda keçirilən səsvermədə 161 senator layihənin lehinə səs verib, əleyhinə və ya bitərəf qalan olmayıb. Başlanğıcda qeyri-müəyyən ifadələrə görə tənqid olunan qanun “femisid”i belə tərif edir:
“Qurbanın qadın olması səbəbilə ona qarşı nifrət və ya ayrı-seçkilik aktı, yaxud münasibətə girməkdən və ya onu davam etdirməkdən imtina etdiyinə, eləcə də qadının fərdi azadlıqlarını məhdudlaşdırmağa qarşı çıxmasına görə törədilən cinayət”.
Qanunun qəbulundan sonra Senatda nadir bir hadisə yaşanıb. Bütün partiyaların nümayəndələri qanunun qəbulunu 15 saniyə ayaqüstə alqışlayıb. Bu, siyasi spektr boyunca məsələyə vahid yanaşmanın göstəricisi kimi qiymətləndirilir.
Rəqəmlər isə vəziyyətin ciddiliyini əks etdirir: 2024-cü ildə İtaliyada 113 qadın “femisid”in qurbanı olub. Onlardan 61-ni hazırkı və ya keçmiş partnyorları qətlə yetirib.
Parlamentin Ədliyyə Komitəsinin sədri, sağçı "Lega" partiyasının senatoru Culiya Boncorno bu qanunu “gender əsaslı qətllərin ciddiliyini nəhayət tanıyan həlledici addım” kimi qiymətləndirib.
Müxalifətdəki Demokrat Partiyasının senatoru Anna Rossomando isə qanunun qəbulunu alqışlasa da, problemin kökündən həlli üçün daha geniş tədbirlərə ehtiyac olduğunu vurğulayıb:
“Qanun zorakılığı təkbaşına dayandıra bilməz. Bizə ibtidai məktəbdən başlayaraq münasibətlər və seksual tərbiyə üzrə məcburi təhsil proqramları və müəllimlər üçün xüsusi təlimlər lazımdır”.