CPJ: “Ülvi Həsənli və onun həmkarları dərhal azadlığa buraxılmalıdır"

CPJ: “Ülvi Həsənli və onun həmkarları dərhal azadlığa buraxılmalıdır" Foto: sosial media
2 İyul 2025
Mətni dəyiş

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) hazırda aclıq aksiyası keçirən “Abzas Media”nın direktoru Ülvi Həsənlinin saxlanıldığı Umbakı həbsxanasında qeyri-insani rəftara məruz qalması ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilib ki, Ülvi Həsənliyə qarşı hüquq pozuntuları və işgəncə iddiaları ilə bağlı xəbərlər ciddi narahatlıq doğurur.

CPJ qeyd edib ki, Ülvi Həsənli və onun həmkarları dərhal azadlığa buraxılmalıdır.

"Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənlinin saxlanıldığı Umbakı həbsxanasında işgəncəyə məruz qaldığı bildirilib. Bu barədə onun yaxınları məlumat verib.

Bildirilib ki, o, iyunun 26-dan Umbakı həbsxanasına köçürüldüyünə və ailəsi ilə görüşə icazə verilmədiyinə etiraz olaraq aclıq aksiyasına başlayıb, buna görə cərimə kamerasına salınıb.

İyulun 1-də vəkili ilə görüşən Ülvi Həsənlinin çəkisinin aclıq nəticəsində 77 kiloqramdan 71 kiloqrama düşdüyü aydın olub.

Jurnalistin həyat yoldaşı Rübabə Quliyevanın sözlərinə görə, səhhətindəki pisləşməyə baxmayaraq, Ülvi Həsənli həkim müayinəsindən keçirilməyib. O, ailəsinə Umbakı həbsxanasına köçürüldüyü gündən üzərindəki eyni paltarı geyindiyini və təmiz geyimlərinin verilmədiyini bildirib. Yatmaq üçün köhnə və sınıq çarpayı verildiyini, yataq dəstinin isə olmadığını deyən jurnalist belində ağrıların başladığını və buna görə səhhətində problemlər yarandığını da vurğulayıb.

Ailəsi bildirib ki, Ramin Əkbərov və Pərviz adlı iki təcridxana əməkdaşı Ülvi Həsənliyə qarşı zorakılıq tətbiq edib, itələyərək paltarlarını cırıb. Bu zaman Ülvi çarpayıya dəyib və ayağından xəsarət alıb. Ailəsi hazırda da onun bədənində xəsarət izlərinin qaldığını qeyd edib.

Ülvi Həsənli həyat yoldaşı və iki yaşlı qızı ilə görüşə icazə verilmədiyi üçün aclığı dayandırmayacağını bəyan edib. Eyni zamanda, o, məhkəmə qərarında hökm qanuni qüvvəyə minənədək Bakı İstintaq Təcridxanasında saxlanılmalı olduğu halda Umbakı həbsxanasına köçürülməsinə etiraz edir və geri qaytarılmasını tələb edir.

“Abzas Media”nın Bakı İstintaq Təcridxanasında saxlanılan qadın jurnalistləri də Ülvi Həsənlinin tələbləri yerinə yetirilməzsə, onunla birlikdə aclıq aksiyasına qoşulacaqlarını bildiriblər.

Azərbaycan prezidenti İlham Əliyev və yaxın ətrafı ilə bağlı silsilə korrupsiya araşdırmaları aparan "Abzas Media"nın əməkdaşları 2023-cü ilin noyabrında başlayan cinayət işi üzrə saxlanılıblar. 2024-cü ilin mayında "Azadlıq Radiosu"nun jurnalisti, iqtisadçı Fərid Mehralızadə də bu iş çərçivəsində həbs edilib.

Jurnalistlər qaçaqmalçılıq və ağır maliyyə cinayətlərində ittiham ediliblər. Ancaq həm onlar, həm də yerli və beynəlxalq hüquq müdafiəçiləri bu ittihamları rədd edib, cinayət təqibini jurnalist fəaliyyətlərilə əlaqələndiriblər. İbtidai və məhkəmə istintaqı birlikdə 2 ilə yaxın çəkib.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə keçirilən iclasda Ülvi Həsənli, Sevinc Abbasova (Vaqifqızı), Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova, Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun