Prokurorluq çökən yolla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini məsuliyyətdən kənar saxlayır?
İyunun 26-da Binəqədi rayonu, “Baksol yolu” adlanan ərazidə 27 yaşlı Cümşüd Cümşüdlü ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb.
Bir müddət axtarışları davam edən gəncin meyiti 2 gün sonra Hövsan qəsəbəsində kanalizasiya kollektorunda aşkar edilib.
Məsələ ilə bağlı məlumat yayan prokurorluq qeyd edib ki, hadisənin baş verdiyi kanal Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır.
Ancaq “Abzas Media”nın araşdırmaları göstərir ki, qeyd olunan kanal Bakı Su Kanal İdarəsinin balansında olsa da, yolların, küçələrin, səkilərin və yolkənarı digər ərazilərin təmiri üçün əsas səlahiyyətli qurum Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyidir.
Çökmədən bir neçə gün sonra Agentlik məlumat yayaraq bildirib ki, hadisə AAYDA-nın xidməti sahəsinə daxil olmayan, piyadalar üçün nəzərdə tutulan yerdə baş verib. Ancaq elə bu qurum 2022-ci ildə “Baksol yolu”nun təmirilə bağlı açıqlamada qeyd etmişdi ki, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri inşa edilib. Prokurorluğun ilkin təhqiqat aparmadan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini yox, Bakı Su Kanal İdarəsini ictimaiyyətə təqdim etməsi isə maraq doğurub.
Bəs “Baksol yolu” adlanan hissənin keçdiyi Rəsulzadə qəsəbəsinin avtomobil yolları da daxil olmaqla, ümumilikdə Binəqədi rayonun avtomobil yollarının əsaslı təmiri üçün üçün son 8 il ildə neçə milyon manat ayrılıb?
“Abzas Media”nın araşdırmaları göstərir ki, Binəqədidə çökən yol da daxil olmaqla təmir işlərinə son illərdə 5 sərəncamla 22 milyon 450 min manat vəsait ayrılıbmış.
Belə ki, ölkə başçısı İlham Əliyev “Baksol yolu” adlanan hissənin keçdiyi Rəsulzadə qəsəbəsinin avtomobil yolları da daxil olmaqla, ümumilikdə Binəqədi rayonun avtomobil yollarının əsaslı təmiri üçün 2018-ci ilin mayında 1,9 milyon, 2019-cu ilin dekabrında 8,7 milyon, 2020-ci ilin iyununda 2,85 milyon, 2021-ci ilin sentyabrında 3,7 milyon, 2022-ci ilin oktyabrında 5,3 milyon manat dövlət vəsaiti ayırıb.
İşlərin görülməsinə isə, əsasən, 2020-ci ildən başlanılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb ki, M.Ə.Rəsulzadə, Biləcəri, Binəqədi, Xocəsən və 28 May qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri aparılacaq. Aparılan təmir-tikinti işlərində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək kipləşdirilir.
Elə bu qurum 2022-ci ilin dekabrında işlərin yekunlaşması ilə bağlı məlumat yayır. Məlumatda qeyd olunur ki, vətəndaşların yol kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yeni piyada səkiləri də inşa edilib.
Bu işlər isə 2022-ci ilə qədər olan dövrü əhatə edib və bu dövr üçün 17 milyon manatdan çox vəsait xərclənib. Ancaq elə 2022-də əlavə olaraq 5,3 milyon manat da ayrılıb.
Həmin il Binəqədi rayon icra hakimiyyəti məlumat yayıb ki, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır. Bu istiqamətdə rayonun M.Ə.Rəsulzadə qəsəbəsi üzrə “Baksol yolu” adlanan avtomobil yolunda da təmir işlərinə start verilib. İşləri isə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparır.
“Abzas Media” dövlət satınalmalarının rəsmi internet portalında yoxlamalar aparsa da, son 8 ildə Binəqədi yollarına xərclənən 22 milyon 450 min manat vəsaitin sərf edilməsi ilə bağlı 1 dənə də olsan tender aşkar etməyib.
Bütün vəsaitlər tender keçirilmədən, birbaşa bu qurumun sərəncamı ilə xərclənib. Vəsaitlərin necə sərf edilməsilə bağlı isə ümumi audit hesabatları yoxdur.
Ancaq nə hadisəyə qədər, nə də hadisədən sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) hansısa vəzifəli şəxsinin məsuliyyətə cəlb olunması ilə bağlı məlumat var.