Azərbaycan prezidentə böhtan ittihamı ilə axtarılan şəxsi Özbəkistana ekstradisiya edib

Azərbaycan prezidentə böhtan ittihamı ilə axtarılan şəxsi Özbəkistana ekstradisiya edib Foto:Prezident.az
26 İyul 2025
Mətni dəyiş

Azərbaycan prezidentə böhtan ittihamı ilə axtarılan şəxsi Özbəkistana ekstradisiya edib. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat verib.

Bildirilir ki, 43 yaşlı Amonbek Yusupov Özbəkistanın tələbi ilə bu ölkəyə ekstradisiya olunub.

O, Özbəkistan Cinayət Məcəlləsinin prezidentin təhqir edilməsi və ya böhtan atılması ittihamı ilə beynəlxalq axtarışda olub.

Yusupov 2025-ci ilin aprel ayında Azərbaycanda saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Baş Prokurorluğun məlumatına görə, onun ekstradisiyası "Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyaya əsasən həyata keçirilib.

Özbəkistan Cinayət Məcəlləsinə prezidentin publik şəkildə təhqir olunması və ya böhtana məruz qalması halları ilə bağlı bənd 2021-ci ilin mart ayında əlavə olunub.

Həmin bəndə əsasən, bu əməllər üç ilədək islah işləri, azadlığın məhdudlaşdırılması və ya beş ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

2025-ci ilin iyul ayının əvvəlində Özbəkistan prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri edib.

Prezidentin mətbuat katibi Şerzod Asadov bu səfərin Özbəkistanla Azərbaycanın 2024-cü ildə müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərinin yüksək səviyyəsini göstərdiyini deyib.

Azadlıq Radiosunun Özbəkistan xidməti yazır ki, 2024-cü ildən etibarən Azərbaycan Prezidenti İlham Əliyevin keçmiş kürəkəni Emin Ağalarov mütəmadi olaraq Daşkəndə səfərlər etməyə başlayıb. O, Çarvak su anbarı ərazisində “Sea Breeze Uzbekistan” adlı kurort inşa etməyi planlaşdırır.

Bundan əvvəl isə Özbəkistan prezidentinin kürəkəni fitnes klubunun ilk xarici filialını Bakıda açıb. Həmin filial Əliyev ailəsinin holdinq şirkətinə məxsus olan Crescent Mall ticarət mərkəzində yerləşir

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun