Siyasətçi iclas boyu şüşə qəfəsdə saxlanılıb və hakim onun vəkilinin yanında oturmasına razı olmayıb
İyulun 2-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan siyasətçi Azər Qasımlının işi üzrə məhkəmə prosesi keçirilib.
İclasda Azər Qasımlının vəkili Aqil Layıc iştirak edib. O, cinayət işinə xitam verilməsi və ya Azər Qasımlının ev dustaqlığına keçirilməsi, Qasımlının şüşə kameradan çıxarılaraq məhkəmə zalında oturması ilə bağlı vəsatətlər verib.
Bundan başqa, vəkil maliyyə işi üzrə Mingəçevir Rayon Məhkəməsindən və Şəki Kommersiya Məhkəməsindən sənədlər və video görüntülərin məhkəməyə təqdim edilməsini, bəzi sənədlərin sübutlar siyahısından çıxarılmasını və əlavə şahidlərin cəlb edilməsini istəyib.
Hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə vəkilin verdiyi bütün vəsatətlər rədd edilib.
Növbəti məhkəmə prosesi iyulun 16-na təyin edilib.
Azər Qasımlı Azərbaycan prezidenti İlham Əliyevin əsas tənqidçilərindəndir. O, Siyasi Menecment İnstitutunun direktorudur.
Siyasətçi ötən il dekabrın 8-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (Hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Barəsində həbs qətimkan tədbiri seçilib.
Azər Qasımlı həbsinin siyasi sifariş, ittihamların isə qondarma olduğunu bildirib. O, bundan əvvəl 2018-də kütləvi aksiyaya liderlik etdikdən sonra 30 gün müddətinə həbs edilmişdi.
2023-cü ilin noyabrından etibarən Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı son on ilin ikinci kütləvi repressiyası başlayıb. Hüquq müdafiəçilərinin hesabatlarına görə, hazırda Azərbaycan həbsxanalarında 375 siyasi məhbus var.
Təqiblər çərçivəsində müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və müxalif fəallar ard-arda müxtəlif cinayət işləri üzrə istintaqa cəlb olunurlar. Saxlanılan şəxslər həbslərinin siyasi motivli, ittihamların isə saxta olduğunu bildiriblər.