Almaniyalı keçmiş deputat Azərbaycandan rüşvət almaqda təqsirli bilindi

Almaniyalı keçmiş deputat Azərbaycandan rüşvət almaqda təqsirli bilindi
31 İyul 2025
Mətni dəyiş

Münhen məhkəməsi Almaniya Bundestaqının keçmiş üzvü Eduard Lintneri Azərbaycanın hökuməti adından məmurlara rüşvət verməkdə təqsirli bilərək, ona doqquz aylıq şərti həbs cəzası kəsib.

Bu, Almaniyada bir millət vəkilinin belə bir cinayətdə təqsirli bilinməsi ilə nəticələnən ilk hadisədir.

80 yaşlı Lintner “Azərbaycan Laundromatı” (“Azərbaycan çirkli pullar sxemi”) işi üzrə günahsız olduğunu iddia edərək, Azərbaycana olan dəstəyini “şərəfli motivlərdən doğan qanuni lobbiçilik” adlandırıb. 

Lakin çərşənbə günü Münhen Ali Regional Məhkəməsi onun digər siyasətçilərə ötürdüyü ödənişlərin əslində rüşvət olduğunu müəyyənləşdirib.

“Azərbaycan Laundromatı” 2017-ci ildə OCCRP və bir neçə media tərəfdaşının ifşa etdiyi 2,9 milyard dollarlıq mürəkkəb pul yuyulması və rüşvət fondu mexanizmini əhatə edir.

2012–2014-cü illərdə Azərbaycan hökuməti ölkə daxilində jurnalistləri və fəalları kütləvi şəkildə həbs edərkən, hakim elita Avropa siyasətçilərini satın almaq, dəbdəbəli məhsullar almaq və öz maraqları üçün pulları yumaq məqsədilə bu gizli fonddan istifadə edib.

Bavariya Xristian-Sosial İttifaqının üzvü olmuş və 33 il Almaniya Bundestaqında mandat daşımış Eduard Lintner də bu siyasətçilərdən biri olub.

Lintner 2010-cu ilə qədər AŞPA nümayəndəsi olub.

Məhkəmənin sözçüsü OCCRP-yə təsdiqləyib ki, iş üzrə “cinayət nəticəsində əldə olunan gəlirin dəyərini” əks etdirən 111.330 avro (127.776 ABŞ dolları) məbləğində müsadirə qərarı üçüncü şəxsə qarşı çıxarılıb.

Məhkəmənin press relizinə görə, prokurorlar vəsaiti 2021-ci ildə vəfat edən, Bundestaq və AŞPA-nın keçmiş üzvü Karin Ştrenzin dul ərindən geri almağa çalışır. 

Məhkəmə müəyyən edib ki, Ştrenz həm Lintnerin şirkətindən (AŞPA mandatı bitdikdən sonra), həm də Azərbaycan rəsmilərindən Bakının maraqlarını Strasburqda müdafiə etmək üçün rüşvət alıb.

Hökm hələ qüvvəyə minməyib, çünki həm müdafiə tərəfi, həm də Münhen Baş Prokurorluğu qərardan bir həftə ərzində Federal Ali Məhkəməyə apellyasiya verə bilər.

İş üzrə digər iki təqsirləndirilən şəxs – Lintnerin keçmiş əməkdaşı və qohumu etiraf etdikləri üçün onların işlərinə xitam verilib. Xristian Demokrat İttifaqının keçmiş deputatı Aksel Fişerə qarşı iş isə xəstəlik səbəbilə təxirə salınıb.

“Transparency International” təşkilatı bu qərarı “tarixi” qərar adlandırıb və alqışlayıb. 

“”Azərbaycan Laundromat”ı sxemi ilə əlaqəli digər ölkələrin hakimiyyətləri Almaniyanın nümunəsini izləyib rüşvət almış və repressiyaları ağardaraq cəmiyyətin gözündən yayındırmağa çalışan şəxslərin cəzasız qalmamasını təmin etməlidir,” – deyə təşkilatın baş direktoru Maíra Martini bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun