"Abzas Media"nın həbsdə olan direktoru Ülvi Həsənli artıq 7 gündür aclıq aksiyası keçirir. O, son telefon danışığında səhhətində ciddi problemlərin yarandığını bildirib.
Məlumata görə, iyulun 21-də Həsənli karsda huşunu itirib. Hadisədən beş gün sonra - iyulun 26-da həkim onu müayinə etməyə gəlib. Ülvi Həsənlinin sözlərinə görə, qan təzyiqi 140/100 səviyyəsindədir, çəkisi 67 kiloqrama düşüb.
O, həkimə ürəyində problemlər olduğunu bildirib. Həkim isə Umbakıda kardioqramma aparılmasının mümkün olmadığını və bu prosedura icazə verilmədiyini deyib.
Həsənli bildirib ki, saxlanıldığı "kars" kamerası son dərəcə havasız və isti şəraitdədir. Onun sözlərinə görə, huşunu itirməsinə də məhz bu səbəb olub.
"Deyir ki, huşunu itirəndə hava işıqlı olub, ayılanda isə artıq qaranlıq idi. Hadisədən yalnız 12 saat sonra nəzarətçi otağa gəlib. Ülvi baş verənləri nəzarətçiyə bildirsə də, heç kim buna əhəmiyyət verməyib", ailəsi bildirir.
Həsənli qeyd edib ki, aclıq etdiyi üçün dərman qəbul edə bilmir. O, aclıq aksiyasına görə karsda saxlanmaqla yanaşı, əlavə olaraq cəzalandırıldığını düşünür.
"Ülvini aclıq aksiyasına görə karsda saxlamaq bir yana, əlavə olaraq işgəncə məqsədilə bu dözülməz isti havada nəfəsliyi belə açmırlar. O, düşünür ki, səhhəti ilə bağlı yayılan xəbərlərə görə cəzalandırılır və nəfəsliyin bağlanması da məqsədli şəkildə edilir", ailəsi bildirir.
Jurnalist həmçinin, ona dəstək olaraq aclıq aksiyası keçirən qadın həmkarlarına görə də narahat olduğunu bildirib.
Ailəsi bildirir ki, iyulun 25-də Penitensiar Xidmətin nümayəndələri Ülvi Həsənli ilə görüşərək saxlanma şəraitini yoxlayıblar. Lakin bu yoxlamanın heç bir nəticəsi olmayıb.
Ülvi Həsənli Ombudsman Aparatının onunla maraqlanmadığını da qeyd edib.
“Abzas Media”nın həbsdəki direktoru Ülvi Həsənli iyulun 20-də müddətsiz aclığa başlayıb. O, bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aclığa yenidən başlamasına səbəb vəd edildiyi kimi Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.
İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Abzas Media işi" üzrə həbs olunanlar barəsində 7,5-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxmış kişilər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər.
Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər. Cərimə kamerasına salınan Həsənli etiraz olaraq 9 gün aclıq edib.
Ona dəstək olaraq “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən müddətsiz aclıq aksiyasına başlayıblar.