“Abzas Media”nın direktoru Ülvi Həsənli 9 gündən sonra aclığı dayandırıb

“Abzas Media”nın direktoru Ülvi Həsənli 9 gündən sonra aclığı dayandırıb
4 İyul 2025
Mətni dəyiş

“Abzas Media”nın direktoru Ülvi Həsənli 9 gündür davam edən aclıq aksiyasını dayandırıb.

Bu barədə onun yaxınları məlumat verib.

Həsənli həyat yoldaşı və iki yaşlı qızı ilə görüşün təmin edilməsi və yenidən Bakı İstintaq Təcridxanasına geri göndərilməsi tələbilə iyunun 26-dan aclıq edirdi. O, buna görə Umbakı həbsxanasında cərimə kamerasına salınmışdı.

Jurnalist bu gün ailəsilə telefon danışığında deyib ki, ona dəstək məqsədilə aclıq edən həbsdəki digər həmkarlarının səhhətindəki problemləri nəzərə alaraq aksiyanı dayandırır.

Bundan sonra Ülvi Həsənli aclığı dayandırdığını elan edib. “Abzas media”nın direktorunun aclıq aksiyasını dayandırmasının ardından nəşrin qadın əməkdaşları – baş redaktor Sevinc Vaqifqızı, jurnalistlər Nərgiz Absalamova və Elnarə Qasımova da aclıq aksiyasını dayandırdıqlarını bildiriblər.

Qeyd edək ki, abzasçıların etirazına Meydan TV-nin həbsdə olan əməkdaşları –  Aynur Elgünəş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova da qoşulduqlarını elan etmişdilər. Jurnalistlər bu gün - iyulun 4-də “AbzasMedia”ya dəstək üçün aclıq aksiyasına başlamışdılar. Aclığa “Meydan TV işi” ilə əlaqədar həbs olunan jurnalist Fatimə Mövlamlı da qoşulmuşdu.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə həbs olunanlar barəsində 7-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxmış kişilər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər.

Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər. Cərimə kamerasına salınan Həsənli etiraz olaraq aclıq aksiyasına başlamışdı.

“Abzas Media”nın Bakı İstintaq Təcridxanasında saxlanılan qadın jurnalistləri də Ülvi Həsənliyə dəstək olaraq 3 gündür aclıq edirdilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun