ABŞ "Zəngəzur dəhlizi"nə 100 illik nəzarət təklif edir

ABŞ "Zəngəzur dəhlizi"nə 100 illik nəzarət təklif edir
15 İyul 2025
Mətni dəyiş

Vaşinqton Bakı ilə İrəvan arasında sülh prosesini irəlilətmək üçün dəhlizi ABŞ şirkətinin idarə etməsini təklif edib

ABŞ Azərbaycan və Ermənistan arasında planlaşdırılan nəqliyyat dəhlizinin idarəçiliyini öz üzərinə götürməyi təklif edib. 

“Middle East Eye” nəşri yazır ki, bu barədə ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak Nyu-Yorkda jurnalistlərə bildirib.

Diplomatın sözlərinə görə, "Zəngəzur dəhlizi" ilə bağlı davam edən mübahisələrin həlli üçün Vaşinqton bu marşrutun idarə olunmasını yüzillik icarə əsasında ABŞ-nin özəl şirkətinə həvalə etməyə hazır olduğunu rəsmi şəkildə Yerevan və Bakıya bildirib.

“32 kilometr yol üstündə mübahisə edirlər, amma bu, xırda məsələ deyil. On illərlə davam edən bir mübahisədir – 32 kilometr yol üçün,” – deyə Barrak bildirib. “Ona görə də ABŞ deyir: yaxşı, biz idarə edək. Bizə bu 32 kilometri yüzillik icarəyə verin, hamınız istifadə edin”.

Bu açıqlama Tramp administrasiyasının ABŞ-nin dəhlizi neytral vasitəçi kimi idarə etmək planını rəsmi təklif etdiyini təsdiqləyən ilk bəyanat kimi qiymətləndirilir. Plana əsasən, dəhliz marşrutunu bir ABŞ logistika şirkəti idarə edəcək, tranzit məlumatları isə şəffaf şəkildə Bakı və Yerevanla paylaşılacaq.

Bu təklifə Ermənistan və ya Azərbaycanın reaksiyası hələlik məlum deyil.

Azərbaycan ilə Ermənistan arasında 2024-cü ilin martında sülh sazişinin ilkin layihəsi razılaşdırılsa da, Bakı əlavə şərtlər irəli sürür. Bunlar arasında Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə zidd ifadələrin çıxarılması da var.

Tərəflər arasında əsas mübahisə mövzularından biri Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməli olan "Zəngəzur dəhlizi"dir. Bakı bu dəhlizin yalnız Ermənistanın tam nəzarətində olmasına qarşı çıxır və Yerevanın tranzitə mane olmayacağına zəmanət verə bilməyəcəyindən ehtiyat edir.

Yerevan isə "Zəngəzur dəhlizi" terminindən belə imtina edir. Ermənistan bu ifadənin ölkənin suveren ərazisi – Sünik vilayətinə qarşı ərazi iddiaları ilə bağlı çağırış kimi dəyərləndirildiyini bildirir və marşrutun nəzarətinin üçüncü tərəfə verilməsinə də qəti şəkildə qarşı çıxır.

ABŞ-nin təklif etdiyi planın Avropa İttifaqının daha əvvəl hazırladığı oxşar modelə əsaslandığı bildirilir. “Carnegie Endowment”in hesabatında qeyd olunur ki, bu model Gürcüstanın separatçı bölgələrində tətbiq olunan beynəlxalq nəzarət presedentindən ilhamlanıb. Məqsəd Bakı üçün təhlükəsizlik təminatları təmin etməklə yanaşı, Yerevanın dəhliz üzərində suverenliyini qorumaqdır.

Bundan başqa, prosesdə Türkiyənin də aktiv rol aldığı bildirilir. 

“Middle East Eye” nəşrinin regional mənbəsinə görə, ilkin olaraq bu ideyanı Türkiyə irəli sürüb. Ankara, həmçinin Bakını sülh sazişini imzalamağa çağırır və regionda dəyişən geosiyasi balansı – xüsusilə İranın zəifləyən təsirini xatırladır.

Mənbənin iddiasına görə, Ermənistan bu özəl şirkətin dəhlizin Naxçıvan hissəsində də fəaliyyət göstərməsini tələb edib, lakin bu, Bakı üçün qəbuledilməz olub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun