11 gündür aclıq etdiyinə görə səhhəti zəifləyən Ülvi Həsənli müalicə müəssisəsinə köçürülmür

11 gündür aclıq etdiyinə görə səhhəti zəifləyən Ülvi Həsənli müalicə müəssisəsinə köçürülmür
30 İyul 2025
Mətni dəyiş

11 gündür aclıq aksiyası edən "Abzas Media"nın həbsdəki direktoru Ülvi Həsənlinin səhhətində problemlər yaranıb.

Bu barədə “Abzas Media”ya jurnalistin ailəsi məlumat verib.

Bildirilib ki, Həsənlinin səhhəti daha da zəifləyib. Saxlanıldığı Umbakı həbsxanasında havalandırma sistemi pis halda olduğuna görə, onun nəfəs almaqda çətinlik çəkdiyi vurğulanıb.

Ailəsi qeyd edib ki, lazımi ləvazimatları olmadığına görə Ülvi doğru-düzgün həkim nəzarətindən keçirilməyib.

Jurnalistin ailəsi bildirib ki, onun çəkisi artıq 65 kiloqrama düşüb. Təzyiqi 90/130-dur.

"Ülvinin ürək döyüntülərini, saturasiyanı ölçə bilmirlər. Rəhbərliyə müraciət edəndə bunun onların yox, həkimin işi olduğunu dedilər," - ailə bildirib.

Ailə Ülvi Həsənlinin təcili olaraq müalicə müəssisəsinə köçülürməsini tələb edir. Umbakı həbsxanasından bunun üçün vəkilin rəsmi müraciət etməli olduğu bildirilib.

Ülvi Həsənli iyulun 20-də müddətsiz aclığa başlayıb. O, bununla bağlı ictimaiyyətə ünvanladığı müraciətində bildirib ki, aclığa yenidən başlamasına səbəb vəd edildiyi kimi Bakı İstintaq Təcridxanasına köçürülməməsidir.

İyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi "Abzas Media işi" üzrə həbs olunanlar barəsində 7,5-9 ilik həbs qərarları çıxarıb. Bundan sonra bu iş üzrə barəsində hökm çıxmış kişilər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından Umbakı qəsəbəsindəki Penitensiar Kompleksə köçürülüblər. 

Yeni həbsxanada Ülvi Həsənlini zorakılığa məruz qoyub həyat yoldaşı və azyaşlı qızı ilə görüş verməyəcəklərini bildiriblər. Cərimə kamerasına salınan Həsənli etiraz olaraq 9 gün aclıq edib. 

Ona dəstək olaraq “Abzas Media”nın həbsdəki baş redaktoru Sevinc Vaqifqızı və əməkdaşları Nərgiz Absalamova və Elnarə Qasımova iyulun 22-dən müddətsiz aclıq aksiyasına başlayıblar, ancaq iyulun 28-də ailə üzvlərinin səhhətindəki problemləri nəzərə alaraq aclığı dayandırıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun