İranın ali lideri ayətullah Əli Xameneyi ABŞ prezidenti Donald Trampın “qeyri-şərtsiz təslim olmaq” çağırışına cavab verib. Dövlət televiziyasında səsləndirilən müraciətində Xameneyi bildirib ki, İran xalqı “heç vaxt təslim olmayacaq”.
Ali lider xəbərdarlıq edib ki, ABŞ-nin İsrail ilə münaqişəyə hərbi müdaxiləsinə İran cavab verəcək və bu, “geri dönüşü olmayan fəsadlara yol açacaq”.
“İran xalqı zorla qəbul etdirilən müharibəyə necə müqavimət göstərirsə, zorla qəbul etdirilən sülhə də eyni qətiyyətlə qarşı duracaq”, – deyə Xameneyinin fikirlərini “Radio Farda” yayıb. O əlavə edib ki, “İranı, onun xalqını və tarixini tanıyan ağıllı insanlar bu millətlə hədə dili ilə danışmaz”.
Bir gün əvvəl isə ABŞ prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ Xameneyinin harada olduğunu dəqiq bilir:
“O, asan hədəfdir, amma olduğu yerdə təhlükəsizlik təmin olunub. Biz onu aradan qaldırmaq niyyətində deyilik, ən azı hələlik. Amma istəmirik ki, dinc əhaliyə və ya amerikalı əsgərlərə raketlər atılsın. Səbirimiz tükənmək üzrədir”, – deyə Tramp sosial şəbəkədə yazmışdı.
Artıq ABŞ-nin qırıcı təyyarələri Yaxın Şərqə göndərilib. “Reuters”in məlumatına görə, bölgəyə F-16, F-22 və F-35 təyyarələri yerləşdirilib.
İki israilli rəsminin “Axios”a verdiyi məlumata görə, ABŞ İranın yeraltı nüvə obyektlərindən biri olan Fordo zavoduna zərbə endirə bilər. Həmin obyektin 13 iyun hücumunda zərər görmədiyi bildirilir. İran isə bəyan edib ki, hava hücumları nəticəsində bəzi yerüstü obyektlərə ziyan dəyib.
Ekspertlər qeyd edirlər ki, yeraltı infrastruktura ciddi ziyan vurmaq üçün ABŞ-nin arsenalında olan yüksək güclü bombalardan istifadə tələb olunur. Mediaya sızan məlumata görə, Hind okeanındakı Diyeqo-Qarsiya hərbi bazasında ABŞ-nin ən azı dörd ədəd B-52 strateji bombardmançı təyyarəsi yerləşdirilib. Bu təyyarələr sözügedən sursatları daşımaq imkanına malikdir.
Bundan əlavə, ABŞ bölgəyə eyni anda iki atom aviadaşıyıcısı göndərib: “Carl Vinson” və “Nimitz”. Dünyanın ən böyük döyüş gəmilərindən hesab edilən bu aviadaşıyıcıların hər birində nüvə enerjisi ilə işləyən qurğular quraşdırılıb. Gəmilərin hər birinin göyərtəsində 65-70 döyüş təyyarəsi, o cümlədən F/A-18 Hornet və ən yeni F-35C qırıcıları var.