RSF: “Hakimiyyət Sevinci həbsdə saxlamaqla azad medianın qarşısında nə qədər zəif olduqlarını göstərir”

RSF: “Hakimiyyət Sevinci həbsdə saxlamaqla azad medianın qarşısında nə qədər zəif olduqlarını göstərir” Foto: Sosial Media
12 İyun 2025
Mətni dəyiş

Sərhədsiz Reportyorlar (RSF) təşkilatı “Abzas Media”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızına qarşı saxta “valyuta qaçaqmalçılığı” ittihamı ilə açılmış cinayət işini siyasi motivli və əsassız məhkəmə təqibi adlandıraraq kəskin şəkildə qınayıb.

RSF bu işi jurnalistləri susdurmaq məqsədi daşıyan açıq təzyiq cəhdi kimi qiymətləndirib.

Təşkilat həm Vaqifqızının, həm də onunla birlikdə mühakimə olunan daha altı jurnalistin dərhal azadlığa buraxılmasını tələb edib.

Saxlanıldığı Bakı İstintaq Təcridxanasından RSF-yə mesaj göndərən Sevinc Vaqifqızı əhvallarının yaxşı olduğunu bildirib və ədalətsizlik qarşısında susmayacaqlarını bir daha bəyan edib.

Sevinc Vaqifqızı martın 11-də keçirilən məhkəmə prosesində çıxışı zamanı Azərbaycan Prezidenti İlham Əliyevi birbaşa hədəf göstərərək, araşdırdıqları korrupsiya xəbərlərinə görə təqib edildiklərini bildirib.

2023-cü il noyabrın 21-də İstanbuldan vətənə qayıdarkən saxlanılan Vaqifqızı bir gün öncə Ülvi Həsənlinin həbs olunmağına baxmayaraq, geri addım atmamışdı. Artıq 600 gündür həbsdə olan jurnalist RSF-yə göndərdiyi mesajda deyib:

“Şəraitə uyğunlaşmışıq, doğum günlərimizi qeyd edərək həyatımıza rəng qatırıq”.

RSF-nin Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Jan Kavalye bildirib ki, Sevinc Vaqifqızı müstəqil jurnalistikanın şərəfini və müqavimətini təcəssüm etdirir:

“Hakimiyyət onu həbsdə saxlamaqla azad medianın qarşısında nə qədər zəif olduqlarını göstərir”.

Kavelye əlavə edib ki, hazırda Azərbaycanda 29 jurnalist həbsdədir və onların hamısı azad olunmalıdır.

“Abzas Media işi” üzrə növbəti məhkəmə prosesi iyunun 20-nə təyin edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun